Kölgə iqtisadiyyatının lideri

Kölgə iqtisadiyyatının lideri

Yerli mətbuat son günlərin başlıca mövzularından birinə - kölgə iqtisadiyyatına diqqət yetirir. Məsələn, "Exo" qəzetinin məqaləsi belə adlanır: "Azərbaycanın kölgə iqtisadiyyatı dünyada birinci yerdədir".
 
Müəllif Beynəlxalq Diplomlaşdırılmış və Sertifikatlaşdırılmış Müsahiblər Assosiasiyasının açıqladığı göstəricilərə istinadla yazır ki, ən böyük kölgə iqtisadiyyatına malik ölkələr siyahısında Azərbaycan birinci yerdədir və tədqiqatların nəticələri göstərir ki, qeyri-formal sektorun həcmi bütün Ümumi Daxili Məhsulun (ÜDM) 67%-ni təşkil edir.
 
"Keçən il üçün Azərbaycanın illik ÜDM-si 59 milyard 987.7 milyon manat olub ki, bunun da 60%-i kölgə iqtisadiyyatının payına düşür. Hesab edilir ki, ildə təqribən 36 milyard manat "kölgə"yə gedir", - ekspert Nəriman Ağayev qəzetə belə deyir.
 
Ekspertin sözlərinə görə, əvvəllər kölgə iqtisadiyyatının həcmi daha çox idisə, indi bir qədər azalıb, amma bu, heç də həmin hala qarşı aparılan mübarizənin yox, sadəcə, iqtisadiyyatın kiçilməsinin nəticəsidir.
 
N.Ağayev deyir ki, ölkədə korrupsiyaya qarşı qanunlar qəbul edilsə də, onlar işləmir, məmurlar öz bizneslərini inkişaf etdirmək üçün qanundan yan keçirlər.
 
Ekspert Samir Əliyevsə hesab edir ki, nağdsız hesablaşmaya keçmək kölgə iqtisadiyyatına qarşı səmərəli mübarizə üsullarındandır:
"Bu sahədə müəyyən tərəqqi var, amma bu məsələdə xüsusi uğur qazanılmasından danışmaq olmaz. Nağdsız hesablaşma sisteminə keçid başlanıb, ancaq bu, hələlik bütün hesablaşmaların 5-10%-i deməkdir. Avropa ölkələrində isə bu faiz 80-90%-ə yüksəlir". /

Google+ WhatsApp ok.ru