Koronovirusun simptomatik müalicəsi üçün respublikada dərman ehtiyatı yaradılıb

Musa Cahanov: `Şübhəli xəstələrdən götürülmüş nümunələr Respublika Taun Əleyhinə Stansiyanın laboratoriyasına göndəriləcək`

“Yaxın Şərq ölkələrində respirator sindromlu koronovirus (MERS-CoV) xəstəliyinin müalicəsi əsasən simptomatik, yəni əlamətlərə uyğun olaraq aparılır. Artıq koronovirus xəstəliyinin simptomatik müalicəsi üçün respublikada dərman ehtiyatı yaradılıb”.
 
Bunu APA-ya Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının laboratoriya müdiri Musa Cahanov deyib. O bildirib ki, şübhəli xəstələrdən götürülmüş nümunələr Respublika Taun Əleyhinə Stansiyanın laboratoriyasına göndəriləcək: “Biz onun laboratoriyada müayinəsini aparacağıq. Eyni zamanda, kəskin respirator xəstəliyə qarşı hər hansı bir şübhə yaranarsa, bu haqda dərhal lazımi tibb müəssisələri məlumatlandırılacaq və həmin şəxslər təcrid olunacaq. Bu günə qədər respublikamızda belə bir şübhəli hal qeydə alınmayıb”.
 
Laboratoriya müdirinin sözlərinə görə, sərhəd-keçid məntəqələrində sanitar karantin məntəqələri fəaliyyət göstərir: “Sərhədlərin sanitar qorunması qaydaları var. Bu qaydalara müvafiq olaraq respublikada bütün tədbirlər həyata keçirilir. Sərhədlərin sanitar qorunmasını da ilk növbədə sərhəd keçid məntəqələrindəki sanitar karantin şöbələri həyata keçirir. Sanitar karantin məntəqələri tək bu xəstəliklə əlaqədar yox, ümumiyyətlə daimi fəaliyyət göstərir. Xaricdən gələn Azərbaycan vətəndaşları, habelə əcnəbilərin üzərində daimi nəzarət həyata keçirilir”.
 
M. Cahanov əlavə edib ki, Yaxın Şərq respirator sindromlu koronovirus xəstəliyinin əlamətləri adi qrip xəstəliyi kimi başlayır: “Xəstələrdə öskürək, asqırma, temperaturun yüksəlməsi, baş ağrısı, təngnəfəslik, tənəffüsün çətinləşməsi əlamətləri olur. Yəni xəstəliyin spesifik, fərqləndirici əlaməti yoxdur. Xəstəlik növbəti mərhələyə keçdikdə ağciyərdə iltihab əlamətləri, pnevmoniya əlamətləri meydana çıxır”.
 
M. Cahanov onu da əlavə edib ki, xəstəliyin təbiətdə daşıyıcısı uçan siçanlardır: “Lakin 2012-ci ildə Səudiyyə Ərəbistanında dəvələrin bu xəstəliyin yayılmasındakı rolu müəyyən edilib. Xəstəlik insandan insana qrip kimi yoluxur. Amma fərq ondadır ki, qrip çox sürətlə yayılır. Sağlam bir şəxsin xəstəliyə yoluxması üçün uzun müddət lazımdır. Xəstəlik yaxın təmasla, hava-damcı yolu ilə yoluxur”.
 
M. Cahanov qeyd edib ki, tibb müəssisələrində dezinfeksiya tədbirlərinin həyata keçirilməsi gücləndirilib: “Eyni zamanda, əhalinin kütləvi məskunlaşdığı yerlərdə sanitariya-gigiyena norma və qaydalarına riayət edilməsinə ciddi nəzarət, habelə tibb işçilərinin maarifləndirilməsi işləri həyata keçirilir”.
 
Qeyd edək ki, səhiyyə naziri Oqtay Şirəliyev respublikada koronovirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə əmr imzalayıb.
 
Əmrdə respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə koronovirus xəstəliyi barədə tibb işçilərinin məlumatlandırılması, kəskin respirator xəstəlik halları barədə məlumatın dərhal yerli gigiyena və epidemiologiya mərkəzlərinə verilməsi, şübhəli şəxslərdən götürülmüş nümunələrin Respublika Taun Əleyhinə Stansiyasına çatdırılması, xəstəliyin simptomatik müalicəsi uçun dərman preparatlarının ehtiyatının yaradılması, tibb müəssisələrində dezinfeksiya tədbirlərinin həyata keçirilməsinin gücləndirilməsi və s. əks olunub.
 
Qeyd olunub ki, ölkədə epidemioloji durum daim ciddi nəzarət altındadır, ölkəmizdə bu virusa yoluxma və ya şübhəli yoluxma halı aşkarlanmayıb.
 
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən 2012-ci ilin aprel ayından etibarən ilk dəfə Yaxın Şərq ölkələrində respirator sindromlu koronovirus (MERS-CoV) aşkar edilib və onun törətdiyi xəstəliyin qeydiyyata alınmasına başlanıb. 2015-ci ilin may ayında xəstəliyin Cənubi Koreyada əhəmiyyətli dərəcədə alovlanması baş verib və hazırda davam etməkdədir.

Google+ WhatsApp ok.ru