Korrupsiya böhrandan çıxmağa mane olur

Korrupsiya böhrandan çıxmağa mane olur

"Novoye Vremya" qəzetində diqqəti "Rüşvət, korrupsiya, talama hələ də var" sərlövhəli məqalə cəlb edir.
 
Yazıda bildirilir ki, hüquq-mühafizə orqanları hansısa təhsil müəssisəsində 48 min manat vəsaitin mənimsənilməsinə görə cinayət işi başlayıblar. Müəllif bunu təqdir etsə də, daha iri korrupsiya halları ilə mübarizəni vacib sayır:
"Mühakiməsi gedən ləğv edilmiş MTN generallarının 56 milyon manat əmlaklarının müsadirə olunması barədə iki gün öncə informasiya gedib. Rabitə Nazirliyinin mühakimə edilən məmurlarının da əmlakları heç də bundan az deyil. Bunlar təsdiq edir ki, yuxarı eşelonda xüsusilə külli miqdarda talama sübutları var".
 
Yazıda vurğulanır ki, bu biabırçılıqlar bir-iki il ərzində yox, on illiklər ərzində baş verib. Yalnız yuxarıların icazəsi olduqda antikorrupsiya ilə bağlı cinayət işləri başlaya bilir.
 
Müəllif hesab edir ki, korrupsiya ilə mübarizə məqsədilə icra hakimiyyətlərinin yerlərdə və ya mərkəzlədə fəaliyyətləri də yoxlanılmalıdır. Xüsusilə, tenderlərin keçirilməsi nəzarətə götürülməlidir:
"Bizdə tenderlər formal keçirilir, qalib əvvəlcədən məlum olur. Bir qayda kimi, bunun başında hakimiyyətdə olan müəyyən məmurlar dayanırlar. Amma nə üçünsə bu qədər əməllər olan yerdə hay-küylü korrupsiya halları çox az aşkarlanır".
 
Müəllifin fikrincə, yüksəkvəzifəli məmurlara münasibətdə korrupsiya ilə bağlı mübarizə güclənmədiyi halda, məişət səviyyəsində rüşvətxorların tutulması nəticə verməyəcək.
 
Yazıda bildirilir ki, yuxarılarda korrupsiyanın kökü kəsilərsə, aşağılarda vəziyyət qaydasına düşəcək.
 
Müəllif hesab edir ki, korrupsiya xərçəng kimi ağır fəsadlar törədir. Korrupsiya ölkənin böhrandan tezliklə çıxması səylərinin qarşısını alır:
"Bundan da qorxulusu o, ölkənin milli təhlükəsizliyinə təhlükədir. Ona görə də, korrupsiya ilə mübarizə bütün istiqamətlərdə və dövlət hakimiyyətinin bütün səviyyələrində aparılmalıdır". /

Google+ WhatsApp ok.ru