Kredit faizlərinin yüksk olması səbəbləri

Kredit faizlərinin yüksk olması səbəbləri

"Yeni Müsavat" qəzetində bankların absurd faiz siyasəti - çıxış yolu" sərlövhəli məqalə diqqət çəkir.
 
Müəllif ölkə banklarının yüksək faizli kredit siyasətini ekspert Rəşad Həsənovla müzakirə edir.
 
Müəllif buna əsas kimi deputat Vahid Əhmədovun bu günlərdə ölkə banklarının yüksək faizli kredit siyasətini tənqid edərək 12 faizə depozit qəbul edərək onu 25 faizlə kreditə verməsini tənqid etməsini göstərir.
 
Müəllifin deməsinə görə, iqtisadçı- ekspert Rəşad Həsənov da hesab edir ki, kredit faizləri ilə bağlı vəziyyət qənaətbəxş deyil: "Burada kifayət qədər ciddi problemlər var. Kredit faizləri yüksəkdir, banklar kreditləşmədən çəkinirlər. Real sektorda da risklər yüksəkdir. Bu rəqəmləri 2015-ci illə müqayisə etsək görərik ki, bankların kredit portfeli 25 milyard manatdan 13 milyard manata qədər azalıb. Kredit portfelində təxminən 47-48 faiz azalma müşahidə olunur, Bu situasiyada digər problemlərdən biri də kredit faizlərinin yüksək olmasıdır".
 
Ekspertin deməsinə görə, kredit faizlərinin yüksək olması son nəticədə kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi istiqamətində strategiya ortaya qoyan hökumətin planlarına da neqativ təsir göstərir, bu da maliyyəyə çıxış imkanlarını məhdudlaşdırması ilə bağlıdır.
 
R.Həsənova görə, burada Azərbaycanda maliyyə bazarı və bank sektorunda liberallaşmanın kifayət qədər olmaması, bu sahədə hazırkı bazar iştirakçılarının bir çoxunun hansısa formada bir-biri ilə əlaqəli olaraq faizləri diktə etmələri, alternativ maliyyə institutlarının inkişaf etməməsi səbəblər sırasındadır.
 
"Düşünürəm ki, bazarın liberallaşdırılmasına ehtiyac var və bu məqsədlə xarici maliyyə institutlarının, korporasiyaların ölkəyə buraxılması lazımdır, o zaman rəqabət faizləri aşağı salacaq", - R.Həsənov belə deyir.
 
Ekspertə görə, Azərbaycanda xüsusilə 2015-ci ildən sonra risklər yüksəlib və banklar nisbətən aşağı riskli biznes layihələrinə vəsait yönəltməyə çalışırlar:
 
R.Həsənov deyir ki, belə biznes layihələrinin sayı azdır, odur ki, bankların mənfəət norması kifayət qədər aşağı düşüb və banklar nisbətən sığortalı kredit siyasəti həyata keçirməyə çalışırlar.
 
Ekspert hesab edir ki, digər bir məsələ bankların hazırda maliyyə mənbələrinə çıxış imkanlarının məhdud olmasıdır.
 
İqtisadçının fikrincə, digər bir səbəb isə inflyasiya səviyyəsinin yüksək olmasıdır: "Bu amil də kredit faizləri müəyyənləşdirilərkən əsas götürülür, ümumi problem isə odur ki, bazarda rəqabət imkanları zəifdir və bu da kredit faizlərinin aşağı düşməsini əngəlləyən əsas məqamdır.
 

Google+ WhatsApp ok.ru