Kredit intiharları

Kredit intiharları

“Exo” qəzetində “Kollektorlar Azərbaycanda borcluları intihar həddinə çatdırırlar” sərlövhəli məqalədə bank-müştəri münasibətləri ekspertlərlə müzakirə edilir.
 
Yazıda bildirilir ki, son illər Azərbaycan banklarının müştərilərdən kredit borclarını almaqdan ötrü kollektorların xidmətlərindən istifadə etməsi halları artıb. Ekspert Əkrəm Həsənov mövzunu qəzetə belə şərh edib:
“Bu gün Azərbaycanda adında “kollektor” sözü olan 5-6 təşkilat var. Qalanları hüquqi firma kimi qeydə alınırlar. Ancaq bu zaman qanunsuz kollektor xidmətləri həyata keçirirlər”.
 
Ə. Həsənov bildirir ki, ölkə qanunvericiliyində kollektorların fəaliyyətinə qadağa yoxdur. Ancaq onun fikrincə həmin qurumlar fəaliyyətləri zamanı bəzən qanunsuz üsullara yol verir:
“Bu da borcların yığılması zamanı qanunsuz üsullardan istifadədir. Kollektorun borclunu məhkəməyə verməsi, yolveriləndir. Ancaq onların borclunu hədələməsi, onu rüsvay etməsi, psixoloji və fiziki təzyiqlərə əl atması düzgün deyil”.
 
Ə. Həsənov deyir ki, Azərbaycan vətəndaşından ötrü ən pisi rüsvay edilməsidir. Ekspertin deməsinə görə, bunu kollektorlar da başa düşürlər və bilərəkdən borclu ilə münasibəti qonum-qonşu, iş yoldaşları, arasında “aydınlaşdırmağa” çalışırlar. Bu da bəzən intiharlara gətirir: “Bakının ən böyük kollektor agentliyinin işçilərinin əksəriyyəti hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşlarından ibarətdir. Onların metodları daha sərtdir, çoxlarının da hüquq-mühafizə orqanları ilə əlaqələri də var və borcları “alarkən” bundan istifadə edirlər. Bununla belə indiyə kimi kollektorların məsuliyyətə cəlb olunması faktı qeydə alınmayıb”.
 
Müəllif xatırladır ki, 2017-ci il aprelin 1-nə olan göstəricilərə görə, vaxtı keçmiş kreditlərin həcmi 1590,3 milyon manatdır. 

Google+ WhatsApp ok.ru