Krediti qaytarmayanı hansı cəza gözləyir?

Bu ilin əvvəlindən problemli kreditlərin daha da atması, götürlmüş kreditlərin qaytarılmasında problemlərin olmasının rəsmi etirafları bu cür sualları daha da aktuallaşdırdı. Son həftələrdə aparılan həbslər və istintaq işlərindən çıxış edənlər isə bu suala dərhal belə cavab verə bilərlər ki, krediti qaytarmayanı həbs edərlər. Lakin bir sıra hüquqşünaslar kredit borcuna görə vətəndaşların həbs olunmasının qanunla yolverilməz olduğunu bildirirlər. Bu günlərdə vəkil Əkrəm Həsənov mətbuata verdiyi açıqlamasında kredit borcuna görə vətəndaşların heç bir məsuliyyət daşımadığını bildirərək əhalini banklara qarşı mübarizə aparmağa, onlardan qorxmamağa çağırıb. Ə.Həsənov açıqlamasında bankların «qul», borcalanların isə «ağa» olduğunu deyib. Vəkilin açıqlamasından belə çıxır ki, kredit götürüb banka qaytarmağa imkanı olmayanlar və ya qaytarmaq istəməyənlər də özlərini imkansız göstərərək müxtəlfi üsüullarla bundan yayına bilərlər.
 
Bəs digər hüquqşünaslar bu barədə nə düşünür? Bankın kreditini qaytarmamaq olarmı? Doğrudanmı krediti qaytarmayan şəxs heç bir məsuliyyət daşımır?
 
Hüquqşünas Habil İsgəndərov bildirib ki, bank kreditini qaytarmaqdan boyun qaçıran şəxs nəinki məsuliyyətdən yayına, hətta, cinayət məsuliyyətinə cəlb edilərək həbs də oluna bilər:
 
«Əvvəla, qeyd edim ki, vəkil Ə.Həsənovun məlum açıqlamasını təəssüf hissi ilə oxudum. Ona görə təəssüflənirəm ki, bu cür açıqlamanı sıradan bir şəxs, qeyri-hüquqşünas vermiş olsaydı, bəlkə də müəyyən mənada anlayışla qarşılamaq olardı. Əlbəttə, hər kəs öz düşüncəsində sərbəstdir, hər kəsin mövqeyinə hörmətlə yanaşmalıyıq. Eyni zamanda, insanların hüquqi məsləhət almaq üçün müraciət etdiyi şəxslər gərək verdiyi məsləhətin, açıqlamanın məsuliyyətini dərk etsinlər. Vəkilin bu cür açıqlaması isə öz məsuliyyətsiz davranışlarına haqq qazandırmaq istəyən şəxslərin daha da arxayınlaşmasına, qanun və müqavilə öhdəliklərinə laqeyd yanaşmasına rəvac verə bilər. Axı qanunun tələbini bilməyən sadə vətəndaş vəkilin dediklərinin mötəbərliyinə sadəlövhcəsinə inana bilər. Təbii ki, əhalinin kreditlərə və banklara qarşı (bəzən haqlı olaraq) acıqlı olduğu indiki həssas məqamda, geniş kütlələrə xoş gəlsin deyə, populist çıxışlar səslənə bilər. Ancaq bu, elə populizmdən o tərəfə keçməyən, peşəkarlıqdan uzaq çıxış ola bilər…
 
Krediti qaytarmayan şəxsin məsuliyyəti nədir?
 
Sualın birmənalı cavab vermək çətindir, hər bir işin halları fəqrlidir. Ona görə ki, kredit borcunun qaytarılmamasının müxtəlif səbəbləri ola bilər. Bu sırada kredit müqaviləsinin bağlanması zamanı qanun pozuntusuna yol verilməsi, kredit inhisarçılarının borclu üçün əlverişsiz vəziyyət yaratmasında qəsdinin aşkara çıxarılmaıs və ya borclunun həqiqətən ödəniş qabiliyyətinin olmaması və s. kimi amilləri göstərmək olar. Ancaq hər bir halda, heç kəsin krediti qaytarmamaq kimi bir imtiyazı, üstünlüyü yoxdur.
 
Əvvəla, ona görə ki, kredit münasibətləri – mülki dövriyyədə könüllü iradə ifadəsi ilə, tərəflərin razılaşdığı şərtlərlə bağlanan müqavilədən yaranır.Burada «ağa - qul» münasibətləri yox, bərabər hüquqlar və bərabər öhdəliklər əmələ gəlir. Krediti götürən şəxs hər bir halda onu qaytarmalıdır.Heç kəsi zorla kredit götürməyə məcbur etmirlər və yetkinlik yaşında olan hər kəs də öz hərəkətlərinin məsuliyyətini anlamalıdır. Qanun hər kəsin öz hərəktlərinə görə cavabdeh, məsuliyyətli olmasını tələb edir. Təsadüfi deyil ki, hüquqda mülki dövriyyədəki hərəktlərə görə risklər də nəzərdə tutulur.
Mən də o fikirlə razıyam ki, bəzi hallarda banklar ödəmə qabiliyyəti məhdud və ya heç olmayan şəxsləri şirnikləndirici təklfilərlə kredit götürməyə sövq edirlər. Hər gün radio-televiziya efirindən, mətbuatdan, küçə tablolarından gördüyümüz bank reklamlarında istehlakçıların, əhalinin aldadılmasını da görürük. O da var ki, bankların səlahiyyətli şəxsləri bilərəkdən sənədlərdə müəyyən saxtakarlıqlara, qazanc xatirinə reallıqları gizlətməyə yol verirlər. Belə faktlar da məlumdur ki, bank işçiləri məhkəmə qərarı olmadan borclunun əmlakını zorla əlindən almağa çalışır və s. Ancaq bunlar ayrı məsələdir və yalnız bu kimi hallara görə, əhalini məsuliyyətsizliyə, vicdansızlığa sövq emək düzgün deyil. Qanun, hər şeydən əvvəl, mülki müqavilə tərəflərindən vicdanlı davranmağı, bir-birinin hüquq və vəzifələrinə vicdanlı şəkildə riyaət etməyi tələb edir. Əgər şəxs müqaviləyə imza edərək kredliti götürübsə, razılaşdığı kimi də müqaviləyə əməl etməli, krediti qaytarmalıdır. Özü də qanuna uyğun olaraq, razılaşdırılmış faizləri ilə birlikdə. Hər hansı bir bəhanə, ödəmə imkanının olmaması kreditin qaytarılmasından imtinaya haqq qazandıra bilməz. Ödəmə imkanının reallığını pulu götürəndə düşünmək lazımdır. Sizdən biri pul götürüb, sonra qaytarmırsa, siz ona pulunuzu bağışlayarsızmı? Əlbəttə, yox. Elə isə, götürüb xərclədiyiniz krediti qaytarmamaq üçün niyə bəhanələr axtarmalısınız?»
 
Şahidi oluruq ki, məhkəmə işləri, xüsusən, kredit mübahisələri üzrə mübahisələr illərlə davam edir. Vəkil də deyir ki, «orta səviyyəli» hüquqşünaslar illərlə işi uzadıb bankı bezdirə bilərlər. Bəs bu halda borc alanların qazancı nədir? Həqiqətənmi banklar borcluların qarşısında belə acizdirlər?
 
H.İsgəndərov deyir ki, kredit borcunun ödənilməsi tələbi üzrə məhkəmə işlərinin uzadılması nəticə etibarilə borcalana yalnız müəyyən vaxt qazandıra bilər. Ancaq qanunla qaytarılmalı olan borc ödənilməlidir:  «Ümumiyyətlə, hər hansı peşə sahiblərini «dəniz səviyyəsinə görə» qruplaşdırmaq düzgün deyil. Peşəkar hüquqşünaslar isə heç vaxt borcluya əsassız bəhanələrlə çəkişməni uzatmaq, borcu ödəməkdən yayınmaq, atdığı imzanın arxasından vicdansızcasına qaçmaq məsləhətini verməməlidir. Bu, peşəkarlıqdan və vicdanlılıqdan irəli gələn bir prinsipdir ki, haqsız tərəfin yanında olmayasan. Borc götürülübsə, qaytarılmalıdır. Bütün başqa bəhanələr, çarpışmalar qanunvericilikdə sənə verilmiş imkandan sui-istifadə etməkdir. Hansı ki, Mülki qanunvericilik hüquqdan sui-istifadəni yolverilməz hesab edir. Əslində hər kəs – bank da, vətəndaş da vicdanlı davranış mədəniyyətini, qanuna riayət etmək məsuliyyətini dərk edərlərsə, indiki qədər ödəniş problemləri omazdı. Hüquqşünas kimi heç kəsə tövsiyə etmərəm ki, aldığın borcu qaytarma, müxtəlif bəhanələrlə ondan yayın. Bu, məsuliyyətsizliyin təbliği olardı. Hər kəs qanun qarşısında bərabər məsuliyyətlidir. Banklar vətəndaş qarşısında acizdir deməklə vətəndaşları yanlışlığa yönəltmək, əslində banklara xeyirdir. Sabah bank qanuna istinad edərək, vətəndaşın bu yanlışından öz xeyrinə faydalanacaq və qanunla haqlı çıxacaq».
 
Bəs kredit qaytarılmadıqda, borclunu hansı cəzalar gözləyir?
 
Hüquqşünas H.İsgəndərov deyir ki, mülki münasibətlərdə, ilk növbədə tərəflərin mülki məsuliyəti var.
«İlk növbədə, müqavilə tərəfləri mülki məsuliyyət daşıyırlar. Krediti qaytarmadıqda bank borclunu məhkəməyə verir və pulun qaytarılmasını tələb edir. Məhkəmə qərarları qüvvəyə mindikdən sonra isə onun icrası tələb olunur. Məhkəmə qətnaməsinin icrasından qərəzli yayınma ilk növbədə inzibati cəza ilə cəzalandırılır. 
Həmçinin, Cinayət Məcəlləsinin 306-cı maddəsi bu cür şəxslərin cinayət mühakimə qaydasında cəzalandırılmasını nəzərdə tutur. İndi təsəvvür edin, məhkəmənin kredit məbləğinin ödənilməsinə dair qüvvəyə minmiş qətnaməsi icraya yönəlib. Borclu da onu icra etmir və bank işçisini də, icra məmurunu da «qul»san deyərək, qapıdan qovur. Özü də məsuliyyətsiz borclu düşünür ki, mülki məhkəmə qərarı olduğuna görə başqa məsuliyyət daşımır. Ancaq bu halda belə şəxslər cinayət məsuliyyətinə cəlb olunar və istintaqın nəticəsindən asılı olaraq həbs də, məhkum da oluna bilərlər. Xüsusi olaraq qeyd edək ki, inzibati və cinayət məsuliyyətinə cəlb edilmə yenə də borcu ödəmək vəzifəsindən azad etmir. Yəni, borclu cəza da alır, pulu da ödəyir».
 
Bəs borclunun əmlakı, yaxud qazancı yoxdursa, o zaman bank ondan pulu necə ala bilər?
 
«Ümumiyyətlə, bu gün bank kreditlərinin əksəriyyəti təminatlı olur. Daşınmaz, daşınar əmlak, zaminlik və qarantiya təminatı altınada olan kreditlərin ödənilməsindən yayınmaq mümkün deyil. Nə qədər faktlara rast gəlirik ki, borcu ödəmədiyinə görə məhkəmə qərarları ilə insanlar ev-eşiyindən çıxarılır, əmlakları əlindən alınır. Bu prosedurda da həm bank, həm icra məmurları tərəfindən qanunsuz hərəkətlərə yol verildiyinə dair faktlar var. Ancaq bütün hallarda nəticə odur ki, borcu qaytarmayan şəxsə qarşı bu tədbirlər görülür. Bu cür tədbirlər nəticəsində insanlar əmlakını itirir, ailələr dağılır. Borcun girov qoyulmuş əmlaka, həmçinin, digər amlaklara yönəlməsi qanunla tənzimlənir. Borclunun "mal mənimdir, vermirəm deyib" icradan yayınması mümkünsüzdür. Necə ola bilər ki, göz görə-görə insanı belə uçuruma təhrik edəsən?

Məhkəmə qərarının icrasının digər bir üsulu isə tələbin borclunun əmək haqqına, gəlirlərinə yönəlməsidir. Məhkəmə aktının icrası qaydasında şəxsin əmək haqqının (bütün gəlirlərinin) yarı məbləğinədək vəsait tutula bilər. 
Bundan başqa, məhkəmə aktının icrasından yayınan şəxslərin ölkədən çıxışına məhdudiyyətlər qoyulur. Bu da sahibkarların, iş adamlarının işgüzar əlaqələrinə mənfi təsir edir. Bütün bunların hamısı borcludan pulun alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş təsir tədbirləridir. Bu qədər təsirli tədbirlər olduğu halda, vətəndaşın «banka diqtə etməsi» məsuliyyətsizlikdən başqa bir şey deyil. Buna isə qanunla heç cür haqq qazandırmaq olmaz».
 
H.İsgəndərov onu da qeyd edib ki, qanunvericilikdə krediti qaytarmayan şəxslərə qarşı digər cəzalar da nəzərdə tutulub. Cinayət Məcəlləsində «Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə»yə, «Kreditor borclarını ödəməkdən qəsdən yayınma» əməllərinə görə cinayət məsuliyəti nəzərdə tutulur (CM-in 195, 196-cı maddələri). Həmçinin, CM-in 211 və 212-ci maddələrində «Qəsdən müflisləşmə» və «Saxta müflisləşmə» adlanan əməllərin də cinayət məsuliyyətinə səbəb olduğu göstərilir:
 
«Kredit götürmüş şəxsin özünü iflasa uğramış, qəsdən ödəmə qabiliyyətsiz kimi təqdim eməsi ilə də borcdan yaxa qurtarmaq mümkün deyil. Əlbəttə, hər bir iş fərdi xarakter daşıyır və ola bilər ki, ödəmə qabiliyyətsizlik real olaraq yaransın. Ancaq qəsdən bu cür hərəkətlər də cinayət əməlidir. Hətta, fiziki şəxslərin müflisləşməsinə dair qanunvericilik aktları olsa belə, o halda da adekvat olaraq, sui-istifadə hallarına qarşı məsuliyyət tədbirləri nəzərdə tutula bilər. Ona görə də hüquqa əsaslanmayan, təsadüfi fikirlərlə insanları çaşdırmaq, onları arxayın salaraq, məsuliyyətsizliyi təbliğ etmək düzgün deyil. Bu, mülki dövriyyədə nizamsızlığın yaranmasına, kor-koranə itaətsizliyə rəvac verər ki, nəticədə yenə də uduzan borclular olacaq. Bu gün borcluya əsası olmayan pafoslu ümidlər yox, real vəziyyətin düzgün qiymətləndirilməsi daha çox kömək edə bilər.»(analitik)

Google+ WhatsApp ok.ru