Kölgə iqtisadiyyatı

Kölgə iqtisadiyyatı

-- o var, ya yox?

«Novoye Vremya» qəzetində «Kölgə iqtisadiyyatı- o var, ya yox?» sərlövhəli yazı yer alır.
 
Yazıda ölkədə kölgə iqtisadiyyatının həcmi Diplomlu Andlılar Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (DASMA) göstəricilərinə əsasən dəyərləndirir.
 
Müəllif vurğulayır ki, həmin beynəlxalq təşkilatın dəyərləndirməsinə görə, 2017-ci ildə ən iri kölgə iqtisadiyyatına malik ölkələr sırasında Azərbaycan öndə qərarlaşıb: «Tədqiqatın nəticələri göstərir ki, bu «qeyri-formal» sektorun həcmi bütün Ümumi Daxili Məhsulun (ÜDM) 67.04 faizinə bərabərdir».
 
Yazıda qeyd edildiyinə görə, Assosiasiya 2025-ci ilə vəziyyətin bir qədər yaxşılaşacağını, bu göstəricinin 58 faizə düşəcəyini proqnozlaşdırır.
 
Yazıda bildirilir ki, 2017-ci ildə ölkədə ÜDM-nin həcmi 59 milyard 987.7 milyon manat olub. Assosiasiyanın göstəricilərinə əsasən də, bunun 36 milyard manatdan çoxu kölgə iqtisadiyyatının payına düşür.
 
Müəllif Beynəlxalq Valyuta Fondunun da göstəricilərinə istinad edir. Yazıda bildirilir ki, bu göstəricılərə görə, kölgə iqtisadiyyatının həcmi bir qədər aşağıdır: «Bu göstəricilərə görə, 1991-2015-ci illərdə ölkədə kölgə iqtisadiyyatının orta həcmi 52.19 faiz olub. Bu da o deməkdir ki, ölkə iqtisadiyyatının yarısından çoxu «kölgə»dədir. Yəni, o həm var, həm də yox».
 
Müəllif vurğulayıb ki, kölgə iqtisadiyyatı korrupsiyanın qidalanma mənbəyidir. Üstəlik, korrupsiya təkcə iqtisadiyyata yox, cəmiyyətin mənəvi-əxlaqi dəyərlərinə ağır zərbədir.
 
Yazıda bildirilir ki, inkişaf etmiş ölkələrdə kölgə iqtisadiyyatı 12-16, inkişaf edən ölkələrdə 40-50 faiz həcmindədir: «Azərbaycan iqtisadiyyatının azı rəsmi, çoxu kölgə iqtisadiyyatından ibarətdir. İqtisadiyyatın məhz «kölgə» hissəsi vergiyə cəlb edilmir və ölkədə inflyasiya üçün şərait yaradır».(azadliq.org)
 

Google+ WhatsApp ok.ru