Köçkünlər yolu bağlayıblar

Köçkünlər yolu bağlayıblar

-- Onlar yaşadıqları binanın söküləcəyindən şikayətləniblər

Yanvarın 16-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qarşısına toplaşan bir qrup köçkün Binəqədi rayonunda məskunlaşdıqları tikililərin sökülməsinə görə narazılıq ediblər. Onlar Komitənin qarşısındaki yolu müvəqqəti bağlayıblar. Daha sonra bir neçəsi Komitədə qəbulda olub.
 
Həmin köçkünlər Binəqədi rayonu H.Babaşov küçəsindəki Təcili Tibbi Yardım Xəstəxanasının yarımçıq binasında məskunlaşıblar. Yaşadıqları binanın söküləcəyindən şikayətləniblər.
 
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən isə bildiriblər ki, şikayətçi köçkünləri qəbul etsələr də, bu məslə onlardan asılı deyil.
 
«Həmin şəxsləri Komitənin məsul şəxsləri qəbul ediblər. Onlara izah edilib ki, Komitə tərəfindən heç kimin yaşadığı bina və mənzillər sökülmür», - deyə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildiriblər.
 
İcra hakimiyyəti nə deyir
 
Binəqədi Rayon İcra Hakimiyyətinin saytında da bu məsələdən bəhs edilir. Saytda yer alan məlumatda qeyd edilir ki, 2017-ci il noyabrın 10-da H.Babaşov küçəsindəki Təcili Tibbi Yardım Xəstəxanasının yarımçıq qalmış qəzalı binasında məskunlaşan məcburi köçkün ailələrinin Xətai rayonunda, Mehdiabad və Ramana qəsəbələrində yeni inşa olunan, tam təmirli mənzillərə köçürülməsi ilə bağlı püşkatma keçirilib.
 
Məlumatda bildirilir ki, bu məsələ ilə bağlı ötən il dekabrın 26-da həmin ünvanda yaşayan köçkünlərlə də görüş keçirilib:
 
«Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov iştirak edib. Sonda köçürülməsi nəzərdə tutulan məcburi köçkünlərin siyahıları dəqiqləşdirilib, onları narahat edən məsələlər müzakirə olunub», - deyə icra hakimiyyətinin saytında yazılır.
 
Rəsmi məlumatlara görə, bütünlükdə ölkədə qaçqın və köçkünlərin sosial problemlərinin həllində 6 milyard manat vəsait xərclənib, 97 qəsəbə salınıb. 2018-ci ildə də bu işin davam etdiriləcəyi bildirilir.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru