Kürdəxanı təcridxanasında intihar

Kürdəxanı təcridxanasında intihar

Zəminə Əliyeva: “Samirin özünü asması rəsmiləşdirilib, lakin baş vermiş hadisəni bizdən gizlədiblər”
 
Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən şəxs Samir Səməndər oğlu Əliyev özünü asıb. Bu haqda “Yeni Müsavat”a onun həyat yoldaşı Zəminə Əliyeva məlumat verib. Deyib ki, həyat yoldaşı barəsindəki qanunsuz və əsassız hökmə etiraz olaraq özünü öldürmək istəyib. Özünü asmazdan əvvəl ərizə yazaraq hökmün sifarişli, saxta olduğunu, üzləşdiyi ədalətsizlikdən bezdiyini və ölümündə barəsində ədalətsiz hökm çıxaranları suçlandırıb.
 
“Hadisə səhər tezdən baş verib. Samir gəzinti otağına keçərək orada özünü asıb. Nəzarətçilər onu tez görüblər və ölümdən xilas ediblər. Bundan sonra həyat yoldaşıma lazım olan tibbi yardım göstərilib və onu saxlandığı 5-ci korpusun 30-cu kamerasından 38-ci kamerasına köçürüblər. Samirin özünü asması rəsmiləşdirilib, lakin baş vermiş hadisəni bizdən gizlədiblər. Biz biləndən sonra isə təsdiqlədilər” - deyə Zəminə Əliyeva bildirib.
 
Qeyd edib ki, həyat yoldaşı barəsində çıxarılan tam ədalətsiz hökmdən sonra Azərbaycan vətəndaşlığından imtina etmək qərarı verib: “Samir Əliyev dəfələrlə ölkə rəhbərliyinə və digər dövlət orqanlarına təqsirləndirildiyi cinayət işinin qərəzli aparılması, müstəntiq Aslan İbrahimovun qanunsuzluqları və etirazlarım barədə müraciətlər edib. Həmin müraciətlərə münasibət bildirilməyib. Bunun məntiqi nəticəsi olaraq Bakı Ağır Cinayətlər Məhkəməsi 20 iyun 2017-ci il tarixdə əsassız hökm çıxarıb, 20 il azadlıqdan məhrumetmə cəzası təyin edib. Ona görə də Samir Əliyev ailə üzvləri ilə birgə dövlət adından çıxarılan qanunsuz hökmə görə Azərbaycan vətəndaşlığından imtina edib".
 
Z.Əliyeva deyib ki, həyat yoldaşı vətəndaşlıqdan imtina məktubunda yazıb: “Ailə üzvlərimin təhlükəsizliyinin təminatı və gələcəyimi görmədiyim üçün buna məcburam. Xahiş edirəm, vətəndaşlıqdan imtina ərizəmi qəbul edin”.
Xatırladaq ki, 2015-ci il iyulun 6-da Bakı-Quba yolunun 55-ci kilometrində, yolun sağ hərəkət hissəsində yandırılmış naməlum qadın meyiti tapılıb. Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində naməlum qadının şəxsiyyəti müəyyənləşdirilib.
 
Meyitin 1981-ci il təvəllüdlü Bakı sakini Natəvan Əliyevaya məxsus olduğu bəlli olub. N.Əliyeva Xətai rayonunda yerləşən 191 saylı orta məktəbin direktoru Rəhimə İsmayıl qızı Əliyevanın həm gəlini, həm də qardaşı qızı olub. Az sonra qətllə bağlı şübhəli şəxs qismində mərhumun keçmiş həyat yoldaşı, sabiq polis zabiti Samir Əliyev tutulub. S.Əliyev keçmiş həyat yoldaşını qətlə yetirmədiyini bildirib. Müdafiə tərəfi bildirib ki, bundan sonra ona təzyiqlər başlayıb, zorakılığa yol verilib. İşdə S.Əliyevin cinayəti törətməsini sübut edən faktlar, sübut və dəlillər yoxdur. S.Əliyev ittihamları qəbul etmir.  (musavat) /

Google+ WhatsApp ok.ru