Ləğv edilən marşrut xətlərinin sürücüləri etiraz aksiyası keçirib

Ləğv edilən 18 və 96 saylı marşrut xətlərinin sürücülərinin iyunun 11-də Bakıda etiraz aksiyası keçirdikləri bildirilir.
 
Sürücülərin həmin marşrutların sahibi olan «Xaliq Faiqoğlu» şirkətinin qarşısına toplaşdıqları qeyd edilir.
 
Maide.Az xəbər verir ki, Qafqazinfo-nun xəbərinə görə, 200-ə yaxın sürücü şirkət rəhbərliyindən işə bərpa olunmalarını tələb edib. Sürücülər maddi vəziyyətlərinin ağırlığından, bir çoxlarının banklara kredit borclarının olmasından şikayətləniblər.
 
Saytın xəbərinə görə, şirkət rəhbərliyi sürücülərə aidiyyəti dövlət qurumlarına müraciət edildiyini, problemin həllinə çalışdıqlarını bildirib.
 
Xəbərdə qeyd edilir ki, sürücülər «BakuBus»ın avtobusları həmin marşrutlara buraxıldıqdan sonra 200-dən artıq şəxsin işsiz qaldığını söyləyiblər.
 
«BakuBus» MMC Azərbaycanda keçirilən I Avropa Oyunları ərəfəsində fəaliyyətə başlayıb. Müasir avtobuslarla təchiz olunan «BakuBus» Bakıda əksər marşrutlara daxil edilməkdədir.
 
Prezident ölkənin iqtisadi durumunun müzakirəsi ilə bağlı toplantılarda bir neçə dəfə «BakuBus»ın yaradılmasını sərnişindaşıma sahəsində ciddi irəliləyiş kimi xarakterizə etmişdi.
 
Bakı Nəqliyyat Agentliyi (BNA) iyunun 9-da 16, 18 və 96 saylı marşrutları xətdən çıxarıb. BNA buna səbəb kimi onların təkmilləşdirmə tələblərinə cavab vermədiyini və təkrarlanan xətlər olmalarını göstərmişdi.

Google+ WhatsApp ok.ru