Lənkəranda iki yol-nəqliyyat hadisəsi qaz və elektrik verilişində problem yaradıb

Lənkəranda iki yol-nəqliyyat hadisəsi qaz və elektrik verilişində problem yaradıb

Lənkəranda baş verən iki yol-nəqliyyat qəzası şəhərin bir hissəsinin qazsız və işıqsız qalmasına səbəb olub. Birinci hadisə şəhərin Nəriman Nərimanov və  Zərifə Əliyeva küçələrinin kəsişməsində qeydə alınıb. Sürücülərinin kimliyi hələlik məlum olmayan “VAZ-2106” və “NİVA”  markalı minik avtomobillərinin toqquşması nəticəsində xəsarət alan olmasa da, “NİVA” markalı avtomobil yoldan çıxaraq elektrik dirəyinə çırpılıb və 10 kilovoltluq elektrik xəttini qırıb.
 
Nəticədə şəhərin mərkəzi ərazisini enerji ilə təmin edən 9-cu xətt üzərində yerləşən yaşayış binaları işıqsız qalıb.
 
Hadisə yerinə cəlb olunmuş qəza briqadasının səyləri ilə problem bir saatdan sonra həllini tapıb.
 
Digər qəza hadisəsi isə  şəhərin Zərifə Əliyeva küçəsində baş verib.
 
Sürücüsünün kimliyi hələlik məlum olmayan  "Opel" markalı,  42 BU 349 dövlət nömrə  nişanlı minik avtomobili yüksək sürətlə hərəkətdə olarkən qəfildən idarəetməni itirib və  yolun kənarındakı orta təzyiqli qaz borusuna çırpılaraq aşıb.
 
Güclü zərbə nəticəsində sıradan çıxmış boru kəmərindən ətrafa qaz sızıb.
 
Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin və Lənkəran Regional Qaz İstismar İdarəsinin qəza briqadaları cəlb olunub.
 
Qəza zamanı minik avtomobilinin sürücüsü ciddi xəsarət almasa da, nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb.
 
Qəza baş verən ərazidə qazın verilişi isə müəyyən müddətdən sonra bərpa olunub.
 
Hər iki faktla bağlı araşdırma aparılır. (apa) /

Google+ WhatsApp ok.ru