İlahi bəla və cəzalar da rəhmətdir!-9

İlahi bəla və cəzalar da rəhmətdir!-9

Bizim etiqadımıza görə, dünyada günahkarların yaxasından yapışan ilahi bəla və cəzalar zahirdə sərt görünsə də rəhmətdir! Bunu Qurani-Kərimin “Əraf” surəsinin 94-cü ayəsi belə açıqlayır:
 
وَمَا أَرْسَلْنَا فِي قَرْيَةٍ مِّن نَّبِيٍّ إِلاَّ أَخَذْنَا أَهْلَهَا بِالْبَأْسَاء وَالضَّرَّاء لَعَلَّهُمْ يَضَّرَّعُونَ 
 
“Biz peyğəmbər göndərdiyimiz hər bir şəhər və kəndin əhalisini xəstəlik, çətinlik və yoxsulluğa düçar etdik ki, bəlkə (Bizim dərgahımıza) yalvarıb-yaxarsınlar.”
 
Naz-nemətə qərq olanın qulağı heç vaxt peyğəmbərlərin haqq sözünü eşitmir. Çətinliklər belələrinin qürurunu sındıraraq haqq sözü eşitməyə vadar edir. Günahkarları qəflətdən ayıldıb Allah dərgahında tövbə etməsinə və yalvarıb-yaxarmasına səbəb olan ilahi əzablar qəddarlıq yox, ilahi lütf və mərhəmətin başqa bir nümunəsidir.
İslamda rəhmət və şəfqət insanlarla yanaşı, heyvanlara və digər varlıqlara da aid edilir! İslam təlimləri sırasında heyvanların hüquqları ilə bağlı rəvayətlərə də rast gəlinir. (Bu haqda nəql olunan hədislərin sayı az deyil və təkcə “Vəsailuş-şiə” kitabının 8-ci cildində “Heyvanların hökmləri” fəslində 50-dən çox bölmə ayrılıb.)
 
Məsələn, İslam Peyğəmbəri (s) dördayaqlı heyvanlar üçün altı haqq bəyan edir: (“Vəsailuş-şiə”, 8-ci cild, səh.35.)
 
a) يَبدَءُ بِعَلَفِها إِذا نَزَلَ – (Ev sahibi) evə qayıtdıqda, əvvəl mal-qaranın suyu və yeminə baxmalı, sonra öz yeməyi haqda düşünməlidir.
 
b) وَ يَعرِضُ عَلَيها الْماءَ إِذا مَرَّ بِهِ – Yol əsnasında bulaq başına çatdıqda, heyvanı suvarmalıdır.
 
c) وَ لا يَضرِبُ وَجهَها فَإِنَّها تُسَبِّحُ بِحَمدِ رَبِّها – Heyvanın surətinə vurmayın ki, o da Allaha təsbih və zikr deyir. (Quran ayələrinə əsasən, bütün varlıqlar aləmlərin Rəbbinə təsbih və zikr deyir.)
 
ç) وَ لاٍ يَقفُ عَلَى ظَهرِها إِلّا فِى سَبِيلِ اللهِ – Yol yerimədikdə dayanan heyvanın belində əyləşməyin, Allah yolu müstəsnadır. (Məsələn, döyüş meydanlarında əsgərin daim süvari olması zəruri sayılır. Çünki düşmən tərəfindən qəfil hücuma məruz qala bilər.)
 
d) وَ لا يَحمِلُها فَوقَ طاقَتِها – Heyvanlara taqətindən çox yük vurulmamalıdır.
 
ə) وَ لا يُكَلِّفُها مِنَ الْمَشْيِ إِلّا ما تُطِيقُ – Yolu nəzərə alıb taqəti qədər sürülməlidir.
 
Bunları biz müasir dövrdə də müşahidə etmirik və hətta çoxları onu dərk və təhlil etməyə qadir deyil! Amma rəhməti geniş olan İslam dini bu incəlikləri nəzərə almışdır. Belə isə, onu qəddar adlandırmaq olarmı? (“İlahi bəndələrin səciyyələri”, Ayətullah Məkarim Şirazi, səh.34-35.)
 
Maide.az – Maarif bölümü
 

Google+ WhatsApp ok.ru