İlahiyyatçı Ruhullah Novruzzadənin bacısı qardaşının saxlanılmasıyla bağlı prokurorluqda olub - YENİLƏNİB

İlahiyyatçı Ruhullah Novruzzadənin bacısı qardaşının saxlanılmasıyla bağlı prokurorluqda olub - YENİLƏNİB

Xəbər verdiyimiz kimi 13 martda səhər saatlarında xəstə atası üçün Bakıya qayıdan ilahiyyatçı Ruhullah Novruzzadə aeroportda saxlanılmışdı. Onun ölkəyə girişinə qadağa qoyulduğu bildirilirdi. Saat 22:00 radələrində Ruhullah Novruzzadə İrana göndərilib.
 
Bu haqda İslamazeri.com-a Ruhullah Novruzzadə bildirib.
 
Onun sözlərinə görə, saat 23:30-da Bakı - Tehran reysilə hərəkət edən təyyarəyə mindiriblər. 
 
"Artıq Quma çatıram. Mənim üçün narahat olan hər kəsə təşəkkür edirəm. Məni neytralda saxladılar və deportasiya olunan xarici vətəndaşlarla bir yerdə  saxladılar. Deport olunanlar kimi məni də təyyarəyə mindirib Tehrana göndərdilər.", -deyə Ruhullah Novruzzadə bildirib.
 
Ruhullah Novruzzadə ətraflı açıqlama verəcəyin qeyd edib.
 
Xatırladaq ki, Ruhullahın atası Məsim Novruzovun səhhəti ağırdır və bir aya yaxındır ki, ikinci dəfədir xəstəxanaya yerləşdirilib. Məhz Ruhullah atasının vəziyyətinin ağır olmasıyla bağlı Tehrandan Bakıya qayıtmışdı. O ilahiyyatçı təhsilindən əlavə, Qum Universitetinin Hüquq Fakültəsində oxuyur.
 
Dörd il öncə Ruhullah Novruzzadə quru yolu ilə Bakıya qayıdarkən  ölkəyə girişinə STOP qoyulması səbəbilə geri qaytarılmışdı.
 
Qeyd edək ki,  Ruhullah Novruzzadə jurnalist Ramin Bayramov və hazırda həbs həyatı yaşayan ilahiyyatçı Hacı Abgül Süleymanovun qaynıdır.
 
***
İlahiyyatçı Ruhullah Novruzzadənin bacısı qardaşının saxlanılmasıyla bağlı Suraxanı prokurorluğunda olub.
 
Maide.Az xəbər verir ki, bu barədə Zəhra Süleymanova özü məlumat yayıb. 
 
Onun sözlərinə görə, əvvəlcə Baş Prokurorluğa zəng ediblər, oradan onlara bildirirblər ki, öz rayonunuzun prokurorluğuna müraciət edin.
 
"Biz Suraxanı Prokurorluğunun Prokurorlarından biri Rəhim müəllimlə görüşdük. O bizə bildirdi ki, Ruhullah Novruzzadənin işi onlarda deyil və bu rayon prokurorluğu onun saxlanılması haqda göstəriş verməyib. Bir az araşdırdıqdan sonra Baş Prokurorluğun Ağır Cinayətlər Üzrə İstintaq İdarəsi tərəfindən ölkə girişinə yasaq qoyulduğunu bizə bildirdilər. Qardaşım ölkədə olmaya-olmaya Nardaran hadisələrilə bağlı olaylarda adı keçir və bu problemlər oradan qaynaqlanır. Ümidvarıq ki, son günlər ölkədə əfv sərəncamının verilməsilə bağlı söz-söhbətlər getdiyi halda qardaşımı azad edəcəklər.", -deyə Zəhra Süleymanova bildirib.
 
Daha sonra o deyib: "Bildiyiniz kimi atam ağır xəstədir, vərəm diaqnozundan Mərdəkandakı Ağciyər Xəstəxanasında uzun müddətdir ki, müalicə alır. Yanına getdim, həkimlə görüşdük. Həkim səhhətinin çox pis,  olduğunu və hətta ömrünün az qaldığını bildirdi. Ruhullah ölkəyə girişində problem yaranacağını bilirdi, çünki 4 il öncə də quru yolu ilə İrandan Azərbaycana gələndə onun ölkəyə girişinə qadağa olma səbəbilə geri qaytarmışdılar. Lakin atam ona israr edirdi ki, vəsiyyətim var, son dəfə 3-4 ildir görmədiyim oğlumu görüm, sonra ölüm. Bu şeyləri nəzərə alaraq qardaşımın azad edilməsi üçün səlahiyyətli şəxslərdən addım atmalarını gözləyirik. Ümidvarıq ki, ağır xəstə olan atamın bu son istəyi Allahın iznilə yerinə yetəcək."
 
Qeyd edək ki, bu gün səhər saat 4 radələrində Tehran - Bakı reysilə qayıdan və Qum Universitetinin Hüquq fakültəsində (ikinci təhsil) oxuyan  ilahiyyatçı Ruhullah Novruzzadə aeroportda saxlanılıb.
 
Xatırladaq ki, Zəhra Süleymanova keçmiş hicab məhbusu Hacı Məsim Novruzovun qızı və hazırda həbsdə olan siyasi məhbus, ruhani Hacı Abgül Süleymanovun həyat yoldaşıdır.

Google+ WhatsApp ok.ru