İLAHİ İMTAHANIN FƏLSƏFƏSİ

İLAHİ İMTAHANIN FƏLSƏFƏSİ

Nə üçün Allah-Taala birinə ən gözəl nemətlər verir, digərini isə böyük bədbəxtliklərə düçar edir? Əgər bu, ilahi bir imtahandırsa, Allah-Taalanın həmin şəxsi doğulduğu andan ömrünün sonuna kimi bədbəxtlik və fəqirlik içində imtahana çəkməsi zülm və haqsızlıq sayılmırmı?

DÜNYANIN HİKMƏTLİ NİZAMI

Əqidəmizə əsasən, Allah-Taala “alim”, “qüdrətli” və “mütləq xeyirxah” olduğundan, nizam-intizamı və varlıq aləmini ən gözəl, ən kamil şəkildə yaratmışdır.[1] Həmçinin inanırıq ki, Allah-Taala varlıq aləmini bir sıra sabit, əbədi (eyni zamanda zati olan) qayda-qanunlarla idarə edir. Başqa sözlə, Allah-Taalanın müəyyən üslubları var ki, dünya işlərini yalnız həmin üslublarla idarə edir. Bu üslublar və qayda-qanunlar insanlar arasında adət-ənənə forması almış ictimai müqavilə, əhd-peyman, qərar və zehni iltizam deyil, dünya və ondakı varlıqların keyfiyyəti üzərində qurulan “təkvini” bir həqiqətdir və onun dəyişdirilməsi qeyri-mümkündür.

Maddi aləm varlıq mərtəbəsinə uyğun hökmlərə malikdir. Belə ki, əgər bu hökmlər, qayda-qanunlar və adət-ənənələr mövcud olmasa, maddi aləmdən heç bir əsər-əlamət qalmaz. Bu aləmdə ziddiyyət, məhdudluq, fanilik mövcuddur. Təbiət aləminin də müxtəlif və fərqli xüsusiyyətləri var. Bu aləmdə qəm-qüssə şadlığa, işgəncə rifaha, ümid məğlubiyyətə qarışmışdır. Bütün bu təsirlər onun özünəməxsus quruluşunun tələbidir. Maddi aləm özünəməxsus prinsiplərinə görə, “şər” adlandırdığımız bəlalar, müsibət, əzab-əziyyət, möhnət və xəstəliklərin, eləcə də, “xeyir” adı verdiyimiz xoşbəxtliklər, səadət, müvəffəqiyyət, şadlıq və zəfərlərin mənbəyidir. Bəzən bu şər və xeyir işlərdə insanın istək və iradəsi də rol oynayır; yəni insan – maddi aləmdə onun varlığının bir hissəsi olan – öz elmi, məlumatı və ixtiyarı ilə ya əyri yola qədəm qoyaraq şər işlərin, ya da düz yolda hərəkət edərək özü və cəmiyyəti üçün müxtəlif xeyir işlərin mənbəyi olur. Bəzən də bu xeyir və şər işlərdə insanın istək və iradəsi heç bir yol oynamır. Bəzi şər, yaxud xeyir işlər maddi aləmə hakim qayda-qanunların və adət-ənənələrin tələbi ilə insanın ixtiyarından xaric təbii amillərə bağlıdır.[2]

XOŞBƏXTLİK VƏ BƏDBƏXTLİK

Qeyd olunan həqiqətlərə diqqət yetirdikdə, yəqinliklə demək olar ki, Allah-Taala tərəfindən heç bir şəxsə bütün nemətlər bağışlanmamış, kimsə də tam mənada bədbəxt edilməmişdir. Görəsən, “Allah ona bütün nemətləri bağışlamışdır!” – ifadəsini işlətmək üçün maddi dünyada hər cəhətdən nemətlərə malik bir insan tapmaq olarmı? Digər tərəfdən, “Allah-Taala onu bütün bədbəxtliklərə düçar etmişdir!” – demək üçün təbiət aləmində hər cəhətdən bədbəxt şəxs tapmaq mümkündürmü? Gördüyümüz kimi, dünyaya məxsus qayda-qanunlar və adət-ənənələrin tələbi ilə, xoşbəxtliklər və bədbəxtliklər bir-birilə qarışmışdır. Elə bir şəxs tapmaq olmaz ki, tam xoşbəxtlik, yaxud tam bədbəxtlik içində olsun. Elə insanlar var ki, məişət baxımından rifah içində yaşadıqları halda, ruhi, psixoloji və fiziki çətinliklərdən uzaq deyillər. Elələri var ki, yüksək istedada, hədsiz gözəlliyə malik olduqları halda, yoxsulluğa, əxlaqsızlığa, ailə problemlərinə düçar olaraq əzab-əziyyət çəkirlər. Bəli, elələri də var ki, fəqir olduğu, yeməyə bir şey tapmadığı halda, fiziki və psixoloji cəhətdən sağlamdır. Elə insanlar da var ki, maddi rifah içində yaşasa da, gözəllik və elmdən məhrumdurdlar.

Xoşbəxtlik və bədbəxtlik həqiqətdə insanın öz əməlləri, rəftarları, iradə və istəklərindən asılıdır. İnsan düzgün, yaxud əyri yol seçməklə özünü xoşbəxt, yaxud bədbəxt edə bilər.[3] Dini təlimlərə əsasən, insanın iradəsi olmadan baş verən xeyir və şər işlərin səbəbi onun sınağa çəkilməsidir. Bu imtahan, nəinki Allahın ədalətinə zidd deyil, hətta Onun hikmətinə əsaslanır. Bu imtahan vasitəsilə yaxşı insanlar pis insanlardan seçilir. Görəsən, şagirdlərin ilin ya birinci rübündə, ya ortasında, ya da sonunda imtahan verməsi, onlara haqsızlıq və zülmdürmü? Yoxsa, bu, onların yuxarı sinfə keçmələri üçün köməkdir? Allah-Taala maddi aləm və onun qayda-qanunlarını elə tənzimləmişdir ki, insan həmişə imtahan halında olaraq, yalnız Allah bəndəsi olduğunu, niyyət və məqsədinin xalisliyini göstərsin.

İmtahan və sınaq, habelə onun müxtəlif yönləri insanın tutarlı cavab tapmasına kömək edir. Ayə və rəvayətlərə əsaslanaraq bu böyük ilahi nemətin bir qismini araşdırırıq:

1. İlahi imtahan: Allah-Taala imtahanını “bəla”, “fitnə” və eyni kökdən olan sözlərlə yad etmişdir.[4] Ərəb dilində “bəla” sözü həm nemət, həm də möhnət və müsibət mənasında işlədilir. Hər iki məna ilahi imtahan sayılır. Möhnət və müsibət insanın səbir, nemət isə şükür sınağı üçündür.[5] Qurani-Kərimdə də “xeyir” və “şər” işlər imtahan kimi qələmə verilmişdir.[6] Həm çətinliklər, müsibətlər və bədbəxtliklər, həm də nemətlər, şadlıqlar və xoşbəxtliklər də ilahi imtahan və sınaq hesab olunur.[7]

2. Nə üçün imtahan?: Ayə və rəvayətlər ilahi imtahanın fəlsəfə və hikmətini müxtəlif ifadələrlə bəyan etmişdir. Onların ən əhəmiyyətlisi bunlardır:

1. Bəla və imtahan insanın oyanışına səbəb olur. İmtahana çəkilən şəxs qəflət, çirkinlik və azğınlıq içində olmasından xəbər tutur.[8]

2. İlahi imtahan Allahı insanın yadına salır.[9]

3. Nemətə sahib və möhnətə düçar olmaq zülmkar və kafir şəxsin pak və mücahid şəxsdən ayırd edilməsinə səbəb olur.[10]

4. İmtahan insanın niyyətinin nə qədər xalis və saf olmasını müəyyən edir.[11]

5. Bəla və müsibət əməlin keyfiyyətini və insanlardan hansının daha gözəl əməl sahibi olduğunu ayırd edir.[12]

6. Bəla, müsibət və çətinliklər insanın günahlarını yuyur.[13]

7. İlahi imtahan və sınaq təkəbbürü, qüruru insanın qəlbindən çıxarıb ona təvazökarlıq öyrədir, eləcə də, Allahın lütf və mərhəmət qapılarını bəşər cəmiyyətinin üzünə açır.[14]

8. Mömin şəxs ilahi imtahan vasitəsilə təcrübə kəsb edir.[15]

Ümumiyyətlə, belə bir qənaətə gəlmək olar ki, nemət, səadət və xoşbəxtlik, habelə bəla, müsibət və bədbəxtlik içində yaşamaq əqidə və imanı möhkəmlətmək, Allaha üz tutmaq, boş-boş xəyallardan uzaqlaşmaq və əməldə tövhidə çatmaq üçündür.

3. İman və imtahan: Bir sıra ayə və rəvayətlərdə göstərilir ki, möminlər Allaha iman gətirdikləri üçün hamıdan çox sınağa çəkilərlər. Hətta mal-dövlətləri və övladları onlar üçün sınaq vəsitəsi hesab olunmuşdur.[16] Möminlərin imtahanı zinətə bənzədilmiş, sanki mömin şəxs onunla bəzənmişdir.[17] Bu sınaq həm də “ana südü” kimi qələmə verilmişdir. Körpə öz aclığını onunla aradan qaldırır.[18] Mömin şəxs öz imanı həddində müxtəlif sınaqlara çəkilər və bu, onun imanının keyfiyyət və kəmiyyətinin çoxalmasına səbəb olur. Çünki bu imtahan sayəsində onun imanının əsas ünsürləri artır; yəni həm mərifəti çoxalır, həm də Allaha qəlbən təslimçiliyi öz mənasını kəsb edir. Həqiqətdə, bu imtahanlar vasitəsilə mömin şəxsin qiymət və dəyəri artır. Elə buna görə də, həzrət Adəm (ə),[19] həzrət Nuh (ə),[20] həzrət Yunis (ə),[21] həzrət Əyyub (ə)[22] və həzrət Muhəmməd (s)[23] kimi peyğəmbərlər o qədər əzab-əziyyətlərə məruz qalaraq ən ağır müsibətlərlə sınaqdan keçdilər.[24]

Allah-Taala imtahanı dünyaya hikmətli qanun kimi hakim etmiş, sakitlik və həyəcanla, çətinlik və rahatlıqla birgə qərar vermişdir. Beləcə, təqvalı insanlar yoxlanılır və möminlərə doğru yolu tutmaqda, həmin yolu davam etdirməkdə kömək olunur.[25] (Mənbə: “Tövhid və ilahi ədalət”, Mərhum Doktor Məhəmmədrza Kaşifi.)

Tərcümə etdi: Rza Şükürlü (Maide.az)

 



[1]. “Muminun” surəsi, ayə 14; “Tin” surəsi, ayə 4.

[2]. “Ədli-İlahi”, səh. 169-172.

[3]. “Şura” surəsi, ayə 30; “Ali-İmran” surəsi, ayə 165-166; “Rum” surəsi, ayə 41.

[4]. “Ənbiya” surəsi, ayə 35; “Bəqərə” surəsi, ayə 49; “Büruc“ surəsi, ayə 10; “Tövbə” surəsi, ayə 126; “Maidə” surəsi, ayə 49; “Hud” surəsi, ayə 7 və s.

[5]. “Müfrədati-Rağib”, səh.61.

[6]. “Ənbiya” surəsi, ayə 35.

[7]. “Ali-İmran” surəsi, ayə 186; “Ənkəbut” surəsi, ayə 1-3; “Mizanul-hikmət”, 1-ci cild, səh.478, hədis: 1886 və səh.479, hədis 1888.

[8]. “Mizanul-hikmət”, 1-ci cild, səh.490.

[9]. “Əraf” surəsi, ayə 130; “Tövbə” surəsi, ayə 126.

[10]. “Ali-İmran” surəsi, ayə 179, 138 və 142.

[11]. “Ali-İmran” surəsi, ayə 154.

[12]. “Hud” surəsi, ayə 7; “Kəhf” surəsi, ayə 7; “Mülk” surəsi, ayə 2.

[13]. “Mizanul-hikmət”, 1-ci cild, səh.490.

[14]. “Mizanul-hikmət”, 1-ci cild, səh.481, hədis 1895.

[15]. Yenə orada, hədis 1897.

[16]. “Ənfal” surəsi, ayə 27-28; “Təğabun” surəsi, ayə 14-15.

[17]. “Mizanul-hikmət”, 1-ci cild, səh.487, hədis 1928.

[18]. Yenə orada, səh.488, hədis 1932.

[19]. “Bəqərə” surəsi, ayə 35-38; “Əraf” surəsi, ayə 19-25; “Taha” surəsi, ayə 115-123.

[20]. “Bəqərə” surəsi, ayə 124; “Saffat” surəsi, ayə 99-113.

[21]. “Ənbiya” surəsi, ayə 87-88; “Saffat”, 139-148.

[22]. “Ənbiya” surəsi, ayə 83-84.

[23]. “Hicr” surəsi, ayə 6-8; “İsra” surəsi, ayə 90-93; “Təkvir” surəsi, ayə 22-25.

[24]. “Əl-ibtila”, Məhəmməd Saleh Abdullah Mirğəni, 2-ci bölüm.

[25]. “Bəqərə” surəsi, ayə 214; “Ali-İmran” surəsi, ayə 142; “Nisa” surəsi, ayə 95-96.

 

Google+ WhatsApp ok.ru