Laçın harayı, xəbərdarlıq

Laçın harayı, xəbərdarlıq

-- Laçının işğalından 26 il keçir

Laçının işğalından 26 il keçir. Mayın 17-də Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bununla bağlı açıqlama yayıb. Açıqlamada deyilir: “Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davamı kimi 18 may 1992-ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonu işğal edilib. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb və hazırda 77 min nəfərdən artıq Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində yaşayır.
 
Ermənistan Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasəti apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərini davam etdirir.
 
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonların işğalı, işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirir.
 
Ermənistanın kəskinləşən hərbi təcavüzü şəraitində BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə 822, 853, 874 və 884 saylı qətnamələr qəbul edərək Azərbaycan ərazilərinin işğalını pisləyib, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edərək işğalçı qüvvələrinin zəbt olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edib. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməyərək işğal olunmuş Azərbaycan ərazilərinin ilhaq edilməsinə yönəlmiş siyasət yürüdür.
 
Beynəlxalq hüququn imperativ normaları və BMT nizamnaməsinə zidd olaraq Azərbaycana qarşı qeyri-qanuni gücdən istifadənin, həmçinin Azərbaycanın işğal olunmuş ərazilərindən 700 mindən artıq köklü Azərbaycan əhalisinin zorla qovulması ilə onların fundamental hüquq və azadlıqlarının kütləvi pozulmasının nəticələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan, sayı 90 min nəfərdən az olan erməni azlığın “öz müqəddəratını təyin etmək” və “insan hüquqları” kontekstində təqdim etmək cəhdləri cəfəngiyatdır və heç bir mənəvi, hüquqi və siyasi çərçivəyə sığmır.
 
Ermənistan başa düşməlidir ki, Azərbaycan ərazilərinin işğal altında saxlanması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verə bilməz. Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi, Laçın, habelə ölkənin digər işğal olunmuş rayonlarından olan məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaq kimi hüquqlarının təmin edilməsi və ümumilikdə münaqişənin ağır fəsadlarının aradan qaldırılması beynəlxalq ictimaiyyətin öhdəliyi olmaqla yanaşı BMT nizamnaməsində təsbit edildiyi kimi Azərbaycan dövlətinin şəksiz ayrılmaz hüququdur.
 
Azərbaycan tərəfi münaqişənin tezliklə həlli istiqamətində beynəlxalq səylərinin artırılmasını dəstəkləyərək beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini və vətəndaşlarının pozulmuş hüquqlarını bərpa etmək hüququnu özündə saxlayır”.(novator.az)
 

Google+ WhatsApp ok.ru