Laçın qaçqını: `Günahım odur ki, haqqımı tələb edirəm`

Laçın qaçqını: `Günahım odur ki, haqqımı tələb edirəm`

"Mən bunlardan xəstə anamın, iki körpə balamın ölməməsi üçün yer istədim, bunlar bizi polisə apardılar"
 
"Elə vəziyyət yaradıblar ki, nə ailəmə yaxın düşə bilirəm, nə Taxtakörpüyə gedə bilirəm... Mən bunlardan xəstə anamın, iki körpə balamın ölməməsi üçün yer istədim, bunlar bizi polisə apardılar".
 
“GÜNAHIM ODUR Kİ, YER TƏLƏB EDİRƏM”
Laçın köçkünü Cənnət Hümbətov AzadlıqRadiosu-na danışır ki, qalmağa yeri olmadığından Laçın rayon icra hakimiyyətindən köçkün ailəsi kimi yerləşdirilməsini tələb edib. Ancaq icra hakimiyyəti onu həbslə hədələyib və bu ilin martında ailəsiylə birlikdə iki dəfə Laçın polisinə aparılıb.
 
Hər iki dəfəsində saatlarla saxlanılaraq izahatları alınıb və buraxılıblar. İndi polis onu üçüncü dəfə çağırır. O isə həbs olunacağından qorxaraq məskunlaşdığı yerə də gedə bilmir:
"Günahım odur ki, fermada yaşamaqdan cana doymuşam. Günahım odur ki, xəstə anamın, iki körpə balamın küçədə ölməməsi üçün məskunlaşmağa yer tələb edirəm. Günahım odur ki, haqqımı tələb edirəm. 3 il əvvələdək fermada ağır durumda yaşamışıq. Sonra bir adamın bizə yazığı gəldi, Taxtakörpüdə öz evinə yerləşdirdi. Bu yaxınlarda evdən çıxartdı, heç əşyalarımızı da götürə bilmədik. Pərən-pərən düşdük, hərə birinin evinə yerləşdi. Mən də icra hakimiyyətindən tələb etdim ki, bizi yaşayış yeriylə təmin etsin, ailə olaraq bir yerə yığılaq. "Qaçqınkom"dan da gəldilər, icra hakimiyyətinə də bizi yerləşdirməyi tapşırdılar. Əvəzində icra hakimiyyəti bizi polisə "yerləşdirdi".
 
“BİR QURTUM SU DA VERMƏDİLƏR”
Bu ilin martında Cənnət Hümbətovu ailə üzvləri ilə birlikdə polisə aparıblar:
"Bu il martın 8-də uşaqlarla birlikdə 3 saat saxladılar. Uşaqlara bir qurtum su da vermədilər. İzahat alıb buraxdılar, növbəti dəfə yenə çağırdılar. Getdik, bu dəfə 5 saat saxladılar. Uşaq acından ağlayırdı. Səs-küy salandan sonra gedib bulka alıb gətirib verdilər uşağa... Biz bunlardan adam balası kimi yaşamaq üçün imkan yaratmalarını istəyirik, bunlar bizi polis şöbəsinə aparıb mənəvi, psixoloji işgəncə verirlər. Bu yolla bizi susdurmaq istəyirlər ki, yaşamağa yer tələb etməyək".
 
Cənnət Hümbətov özü Rusiya vətəndaşıdır. Həyat yoldaşının yaşayış qeydiyyatı Şuşayadır. Həyat yoldaşı ilə rəsmi nikahı yoxdur. Hesab edir ki, qanun köçkün, təkuşaqlı ananın övladları ilə birlikdə məskunlaşdırılmasına yol verir.
 
RƏSMİ CAVAB VERİLƏCƏK
Laçın rayon icra hakimiyyətindən bildirilib ki, Cənnət Hümbətovun ailəsinin məskunlaşdırılması ilə bağlı "Qaçqınkom"a müraciət olunub. Ancaq onun Rusiya vətəndaşı olması məsələləri bir az qarışdırıb. "Qaçqınkom" məsələni araşdırıb ailəyə rəsmi cavab məktubu göndərəcək.
 
Laçın polisindən isə bildirilib ki, C.Hümbətov məskunlaşdığı evdən çıxmadığından qarşıdurma yaranıb və onunla bağlı polisə müraciət olunub. Ailə üzvləri ilə birlikdə dəvət olunaraq izahatları alınıb. Hazırda C.Hümbətovla bağlı şikayətin araşdırılması davam edir.
 
Hüquqşünas Namizəd Səfərov deyir, ailə başçısı Rusiya vətəndaşıdır və həyat yoldaşı ilə rəsmi nikahı yoxdursa, Şuşa köçkünü olan xanıma və övladlarına sığınacaq verilməlidir:
"Əgər xanıma "Qaçqınkom"dan həyat yoldaşı ilə bağlı imtina məktubu gələrsə, bu zaman xanım qurumu məhkəməyə verə bilər. Ancaq görünən odur ki, qurumla ailə arasındakı söhbətlər şifahidir, rəsmi deyil. Xanım rəsmi məktubla müraciət edib rəsmi cavab almalıdır ki, sonrakı hüquqi addımları ata bilsin".

Google+ WhatsApp ok.ru