Lavrov: `ABŞ beynəlxalq hüququ və BMT nizamnaməsini kobud şəkildə pozub`

Lavrov: `ABŞ beynəlxalq hüququ və BMT nizamnaməsini kobud şəkildə pozub`

"Moskva, Dəməşq və Tehran ABŞ-ın Suriyaya raket zərbələrini təcavüz aktı kimi qiymətləndirib".
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı və suriyalı həmkarları ilə keçirdiyi üçtərəfli görüşün yekunlarına dair mətbuat konfransında bildirib.
 
"Üçtərəfli formatda dialoq artıq ənənə halını alıb. Görüşdə ABŞ-ın hərbi aerodroma raket zərbələrindən sonra Suriyada yaranan vəziyyəti müzakirə etdik. Mövqelərimizi bir daha təsdiq etdik, mövqeyimiz eynidir. Bu mövqe ondan ibarətdir ki, ABŞ beynəlxalq hüququn prinsiplərini və BMT nizamnaməsini kobud şəkildə pozub", - deyə Rusiya XİN başçısı söyləyib.
 
Lavrov bildirib ki, Rusiya, Suriya və İranın Suriyada kimyəvi silah hücumu ilə bağlı insidentin Kimyəvi silahların qadağan olunması üzrə Təşkilat (OPCW) tərəfindən diqqətli araşdırılmasına təkid edir.
 
Rusiya XİN başçısı ABŞ-ın raket zərbələrinin Suriyada sülh prosesini pozmağa və hakimiyyəti dəyişməyə istiqamətləndiyini bildirib. O, ABŞ-ın cəhdlərinin uğurla nəticələnməyəcəyini söyləyib: "Bu aksiya açıq-aydın Suriyada hakimiyyəti devirmək üçün bəhanə axtarmağa istiqamətlənib. Bu cəhdlər uğurla nəticələnməyəcək. Rusiya BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinin tələblərinin, o cümlədən Suriyanın ərazi bütövlüyünə və suverenliyinə ciddi hörmət edilməsinə təkid edəcək. Hamıya məlumdur ki, beynəlxalq hüququn pozulması qəbuledilməzdir".
 

Google+ WhatsApp ok.ru