Lavrov: İrəvanda `rəngli inqilab` baş verir

Rusiyanın xarici işlər naziri erməni əsilli Sergey Lavrov Ermənistanda yaranmış vəziyyətlə bağlı açıqlama verib və buna özünəməxsus şəkildə don geyindirməyə çalışıb, üstüörtülü şəkildə Qərbi ittiham edib.

ANS PRESS-in məlumatına görə, o, İrəvanda əhalinin etiraz aksiyasını siyasi yox, iqtisadi xarakter daşıdığını söyləyib. Onun fikrincə, Ermənistanda elektrik enerjisi qiymətlərinin artımı haqqında qərarın qəbul olunmasından sonra başlamış etiraz aksiyaları siyasi yox, iqtisadi xarakter daşıyır. Amma bunu bəziləri siyasiləşdirməyə çalışır.

O, inkişaf edən beş ölkəni - Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası - birləşdirən qrupun (BRİKS) Gənclər Forumunun iştirakçıları ilə görüşdə bildirib ki, bəzi qüvvələr gəncləri öz məqsədləri üçün istifadə edir, milli məsələlər əvəzinə, ölkədə sabitliyi pozmaq üçün alət edirlər.

S.Lavrov Ermənistanda baş verənləri Ukraynadakı Maydan hərəkatına bənzədib, gəncləri Qərbin çağırışlarına uymamağa çağırıb: "Siz rəngli inqilabların nə olduğunu bilirsiniz. Ukraynada Maydan və Ermənistandakı indiki hadisələr bir-birinə çox bənzəyir. Bu hərəkətlərlə gənclərdə həvəs oyadırlar ki, dövlət əleyhinə əhval-ruhiyyəni korlasınlar, mövcud hakimiyyətə təzyiqi artırsınlar və bununla da öz məqsədləri üçün istifadə etsinlər. Hərçənd, bu hadisələrin kökü iqtisadi məsələdir. Amma görünən odur ki, bu hadisələri şişirtmək kimlər üçünsə faydalıdır və bundan siyasi açar kimi yararlanırlar."

Ümumiyyətlə, Rusiya xarici işlər nazirinin İrəvanla bağlı belə əndişə ilə danışmasını başa düşmək çətin deyil. Təbii ki, erməni əsilli nazir burada xalqın etirazını iqtisadiyyatla bağlayır, yəni bunun siyasətlə əlaqələndirilməməsini tövsiyə edir. Amma nə üçünsə anlamır ki, bütün dünyada etiraz dalğasının əsas səbəbi hakimiyyətin düzgün siyəsət yürüdə bilməməsi, xalqı idarə edə bilməməsi, əhalinin rifah halının yüksəlməsinə təkan verən addımlar ata bilməməsidir. Yəni Lavrovun düşüncəsi ilə götürsək, belə çıxır ki, İrəvanda baş verən hadisələrdə Serj Sarkisyan hakimiyyətinin günahı yoxdur. Necə ola bilər ki, ölkədə vəziyyət olduqca gərgindir, bıçaq sümüyə dirənib, amma bunun hakimiyyətə dəxli yoxdur. Demək ki, Lovrovun sevimli Serjinin yaratdığı rejimdən xlaq narazıdır. Bunu anlamamaq, görünür Lavrova sərf etmir.

İrəvan hadisələrinə gəlincə, bu il iyunun 19-dan başlayaraq ölkədə elektrik enerjisinin bahalaşmasına qarşı mitinqlər keçirilir. İyunun 23-də Baqramyan prospektində kütləvi etiraz aksiyasını dağıtmaq, Prezident Administrasiyasına doğru istiqamət alan nümayişçilərə qarşı polis güc tətbiq edib və nəticədə 25 insan zərər çəkib, 250-dən çox insan saxlanılıb, işgəncələrə məruz qalıb.

Etirazın mitinqi iyunun 23-də axşam daha da genişlənib, Azadlıq meydanına toplaşaraq yenidən Baqramyan prospektinə gedib və indiyədək orada gecə-gündüz etirazlarını davam etdirirlər. Onlar elektrik enerjisinə tarifin artımı haqqında iyunun 17-dən Tarif Komissiyanın qərarının ləğv olunmasını tələb edirlər. Qərara əsasən avqustun 1-dən qiymətlər 6,93 dram, yəni (16,7%) bahalaşacaq.

Ermənistan prezidenti Serj Sarkisyan iyunun 27-də "Ermənistan Elektrik Şəbəkəsi" Səhmdar Cəmiyyətində Avrasiya İqtisadi Birliyinin "İnter RAO" şirkəti tərəfindən audit keçirilməsi haqqında göstəriş verib. Auditin nəticələrinin elan olunmasına qədər əhali üçün tariflər həminki səviyyədə qalacaq. Təbii ki, Serjin əhalini sakitləşdirmək üçün növbəti bəhanəsidir. Etirazçılar bunu çox gözəl bilirlər.

Bir sözlə, Ermənistanın paytaxtı İrəvanda elektrik enerjisi tariflərinin yüksəldilməsi ilə əlaqədar keçirilən etiraz aksiyasının dayanacağı görünmür. Bu gecə Baqramyan prospektində aclıq aksiyası keçirən və vəziyyəti pisləşən daha iki nəfər xəstəxanaya yerləşdirilib. Etiraz aksiyası zamanı bir qrup fəal Avropa İttifaqının bayrağını dalğalandırımağa çalışıb. Lakin onlara qarşı polis müdaxilə edib./

Google+ WhatsApp ok.ru