Lavrov Azərbaycan meyvələrinin dadı, Putinin xarakteri və Saakaşvilini necə söyməsi haqda...

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İTAR-TASS agentliyinin “Birinci şəxslər” rubrikasına geniş müsahibə verib.
 
Qərb mətbuatının “dünyanın ən güclü xarici işlər naziri və diplomatı” adlandırdığı Sergey Lavrov xarici siyasətin aktual mövzularından, şəxsi həyatından, Rusiyanın Qərbin sanksiyalarına cavabından və prezident Vladimir Putinin xarakterindən danışıb.
 
Virtualaz.org xəbər verir ki, Lavrov Rusiyanın Qərbin sanksiyalarını cavabsız qoymayacağını deyib:
 
“Rusiya bu sanksiyalara cavab verir. İndi çoxları yazır ki, biz bunu etməliydik, ya yox. Bilirsiniz, bir halda ki, sizi günahkar şagird kimi cəzalandırırlar...Rusiya belə situasiyaya laqeyd qala bilməzdi. Lakin Qərbdən ərzaq idxalı qadağasına gəldikdə mən bu barədə müxtəlif qiymətləndirmələr eşitdim, sanki bu, faciəymiş. Hər şey həll olunandır. Belə məqamda tələsmək lazım deyil: bir ölkədən idxal dayanırsa onu digər ixracatçı, yaxud Rusiya istehsalçısı ilə əvəzləmək lazımdır. Hesab edirəm ki, heç kim Azərbaycan, Ermənistan və Orta Asiya respublikalarından gətirilən meyvə-tərəvəzin Avropadan gətirilən məhsullardan daha keyfiyyətli, daha dadlı olduğuna şübhə etməz. Ən azından onlar mənim xoşuma daha çox gəlir”.
 
S.Lavrov 2008-ci ilin avqust böhranı zamanı Gürcüstan prezidenti Mixail Saakaşvilinin ünvanına söyüş söyməsi iddiaları haqda da danışıb. Jurnalist xatırladıb ki, həmin vaxt Qərb mətbuatı Lavrovun Saakaşvili haqda “...lunatik” ifadəsini işlətdiyini yazmışdı. 
 
Lavrovun bildirdiyinə görə əhvalat əslində belə olub: “Mən o sözü deməmişəm. Əhvalat belədir. Mənim avropalı həmkarım Cənubi Osetiyada hadisələrin qızğın vaxtında Tiflisə getmişdi, geri qayıdanda xahiş etdi ki, onu Moskvada qəbul edim. Üzbə-üz söhbət zamanı o, mənə Mixail Saakaşvili ilə söhbəti haqda danışdı. Hansı ki, həmin söhbət zamanı avropalının başının tükləri dik dayanmışdı və məhz o, Saakaşvili haqda həmin ifadəni işlətdi. Mən isə sonra həmin ifadəni avropalıya istinadən Britaniya XİN-in rəhbəri Devid Milibendə təkrarladım. Çünki o, mənə zəng edərək bizi guya sülhsevər Gürcüstanı və onun prezidentini incitdiyimizə görə danlamaq istəyirdi. Bu söhbət zamanı mən öz adımdan Saakaşvili haqda bir kəlmə də olsun söyüş əlavə etmədim, avropalının dediklərini təkrar etdim. Lakin bir ay sonra Milbendin köməkçiləri nəyə görəsə bu epizodu mətbuata sızdırdılar, özü də təhrif olunmuş formada”.
 
Lavrov  prezident Vladimir Putinlə necə tanış olduğunu da danışıb: “İlk dəfə 1999-cu ildə Moskvada görüşdük. Vladimir Vladimiroviç Rusiya hökumətinə başçılıq edirdi, mən isə BMT-dəki daimi nümayəndə idim və İraq baş nazirinin müavinin səfəri ilə bağlı Moskvaya uçmuşdum. Putin 2000-ci ildə prezident seçiləndən sonra Minilliyin sammitində iştirak etmək üçün Nyu Yorka gəldi. Sonra yenidən bir neçə dəfə görüşdük.
 
2004-cü il martın 6-da prezident administrasiyasının rəhbəri Dmitri Medvedyev mənə zəng etdi və Moskvaya dəvət etdi. Mən elə həmin gün uçdum. Ertəsi gün məni Vladimir Vladimiroviç qəbul etdi və nazir postunu tutmağı təklif etdi. O vaxtdan biz daimi işgüzar təmasda işləyirik, praktiki olaraq hər gün görüşürük”.
 
Lavrov deyib ki, xarici səfərlərdən əvvəl həmişə Putinə məruzə edir və hansı mövqeni rəhbər tutmağa hazırlaşdığını çatdırır, göstərişləri alandan sonra isə işlənib hazırlanmış xətt üzrə hərəkət edir. 
 
“Mən bizim mətbəxin bütün sirlərini açmaq istəmirəm, ancaq bir qayda olaraq bir neçə fəaliyyət variantı olur. Putin həmişə öz mövqeyimi çatdırmağa imkan verir və heç vaxt ultimatum irəli sürmür. Hərçənd elə prinsipial hallar olur ki, kompromislər istisnadır. Onda Vladimir Vladimiroviçə elə belə də deyirəm. Xüsusilə ciddi situasiyalarda, mətnləri redaktə etmək lazım olanda telefonla zəng edirəm və nüansları izah edirəm. Ötən ilin sentyabrında Suriyanın kimyəvi silahlarına dair Cenevrədə amerikalılarla razılaşmada da belə olmuşdu. Sənəddə bir-iki mübahisəli məqam var idi və mən Cenevrədəki daimi nümayəndəliyimizdən Kremlə zəng vurdum” deyə Rusiya xarici işlər naziri bildirib. musavat /

Google+ WhatsApp ok.ru