İldən ilə ötürülən problemlər

İldən ilə ötürülən problemlər

"Modern.az"da "2018-ci ilin iqtisadi hadisələri - uğurlar, problemlər və təkliflər..." sərlövhəli məqalə diqqət cəlb edir.
 
Müəllif 2018-ci ilin sona çatmaqda olduğunu və bu ilin nəticələrinin Azərbaycan vətəndaşlarının həyatına təsiri barədə Milli Məclisin deputatı, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun (İSİİ) rəhbəri Əli Məsimli ilə söhbətləşir.
 
Ə.Məsimli uğurlarla yanaşı problemlərdən də danışaraq deyir ki, birinci qrup problemlər ümumi iqtisadi inkişafa bağlıdır, belə ki, hökumət proqnozlarında 2018-ci il üçün 2 faiz artım nəzərdə tutsa da 10 ayda cəmi 0,8 faiz artım olub.
 
Ə.Məsimli isə hesab edir ki, əhalisi ildə orta hesabla 1,2-1,3 faiz artan Azərbaycana 0,8 faizlik yox, azı 4 faizdən yüksək artım lazımdır ki, əhalinin güzəranını yaxşılaşdırmaq üçün real iqtisadi baza yaransın: "Amma "neft bumu" mərhələsində hər il orta hesabla dünya iqtisadiyyatından 5-6 dəfə, MDB-nin orta göstəricilərindən 2,5-3 dəfə yüksək sürətlə artan Azərbaycanda 2018-ci ildə artım tempi dünya iqtisadiyyatının orta artım tempindən 3 dəfə, MDB-nin orta artım tempindən 2 dəfə aşağıdır".
 
Deputat xatırladır ki, rəsmi proqnozlara görə, 2019-cu ildə iqtisadiyyatda 3,6 faiz, 2020-2022-ci illərdə isə orta hesabla 3,4 faiz artım gözlənilir: "Bu o deməkdir ki, Azərbaycan hələ 2022-ci ilə qədərki orta perspektivdə də 2011-ci ildən başlanan aşağı artım templəri ilə inkişaf etmə trayektoriyasından çıxa bilməyəcək".
 
Ə.Məsimli deyir ki, ikinci qrup problemlər sosial xarakterli problemlərdir və xeyli dərəcədə elə iqtisadi artım sürətinin azlığından, milli gəlirin, eləcə də büdcə xərclərinin ədalətsiz bölgüsündən qaynaqlanır.
 
Deputatın deməsinə görə, Azərbaycanda iqtisadi artım sürəti MDB-nin və regiondakı orta artım sürətindən aşağı düşdüyü üçün orta əməkhaqqının da region ölkələrindəki səviyyədə olması və hətta ondan da aşağı düşməsi riski yaranıb.
 
Ə.Məsimli hesab edir ki, bu Azərbaycan üçün həm ölkə daxilində, həm də beynəlxalq aləmdə ciddi mənfi fikir yaradan haldır: "Əhalinin gəlirlərində əməkhaqqının payı Rusiyada 66 faiz, Qazaxıstanda 68 faiz, Azərbaycanda cəmi 33 faiz təşkil edir. Büdcənin sırf sosial xərcləri Rusiyada 36 faiz, Qazaxıstanda 44 faiz, Belarusda 46 faiz, Özbəkistanda 54 faiz, Azərbaycanda isə müxtəlif prizmalardan yanaşma üzrə 26-32 faizdir. Deməli, orta əməkhaqqının Rusiyadakından 2 dəfə, Qazaxıstandakından isə 1,3 dəfə az olması, daha çox milli gəlirin və sadaladığımız digər göstəricilərdəki geriliklə bağlıdır".
 
Ə.Məsimli deyir ki, üçüncü qrup problemlər maliyyə-kredit, pul, bank sahəsində olan problemlərdir.
 
Deputat vurğulayır ki, Strateji Yol Xəritəsində 2018-ci ildə bankların sağlamlaşdırılması prosesinin başa çatacağı göstərilsə də bu vacib məsələ həll olunmadı.
 
Ə.Məsimli xatıraldır ki, 2015-2017-ci illərdəki kimi 2018-ci ildə də problemli kreditlər bank sisteminin əsas problemi olaraq qalmaqda davam etdi. "Problemli kreditlər kredit portfelinin 14 faizini ötüb. Ölkə əhalisinin hər 4 nəfərindən birinin banka borcu var. Banklara borcu olanlarla yanaşı, 1 milyon nəfərdən artıq vətəndaş borclara zamin olmaqdan əziyyət çəkir. Xeyli vətəndaş və biznes strukturları bank kreditlərinin girovuna çevriliblər".
 
Deputat deyir ki, borcu olan insanların çoxu aldığı borcun 2-3 qatını banka çoxdan ödəyib, amma bəzi banklar həmin insanlardan artıq aldığından əlavə faiz, cərimə və sair formada kreditə görə pul tələb edirlər.
 
 
 

Google+ WhatsApp ok.ru