Lerikə avtobus reysləri niyə dayandırılıb?

Lerikə avtobus reysləri niyə dayandırılıb?

“Lerikə gedən avtobusun qrafikini öyrənmək üçün avtovağzala zəng elədim. Məlum oldu ki, Lerikə Bakıdan avtobus getmirmiş”.
 
Maide.Az  Qafqazinfoya istinadən xəbər verir ki, bu sözləri Lerikə getmək istəyən sərnişin Məryəm Məmmədova sosial şəbəkədə yazıb.
 
Sərnişin bilet tapmaq üçün daha sonra Astara və Lənkərandakı avtovağzallarla da əlaqə saxlayıb. Astarada zəngi cavablandıran olmayıb, Lənkəranda da bir xanım deyib ki, Lerikə avtobus yoxdur. Məryəmin “Bəs Lerikdə yaşayanlar ora necə gedib gəlirlər?” sualına isə avtovağzal işçisi maraqlı cavab verib: “Lerik qəşəng yerdir, oturublar orada, heç yerə gedib eləmirlər”.
 
Əməkdaşımız da Bakı Beynəlxalq Avtovağzalı ilə əlaqə saxlayıb. Bildirilib ki, avtovağzalın rəsmi saytında Lerikə avtobus reysi, qiyməti göstərilsə də, hazırda avtovağzaldan Lerikə avtobus reysi yoxdur. Mikroavtobuslar çıxa bilər, onların da vaxtı bilinmir: “Nə vaxt dolsa, onda çıxırlar”.
 
Məsələylə bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı ilə əlaqə saxladıq. Şöbə rəhbəri bildirib ki, avtovağzaldan Lerikə avtobus reyslərinin dayandırılması məhz sərnişinlərlə bağlıdır: “Lerikə getmək üçün avtovağzala sərnişin gəlmir. Onlar daha çox Binə qəsəbəsindən qanunsuz sərnişindaşıma ilə məşğul olan mikroavtobuslarla gedib gəlirlər. Sərnişin gəlmədiyi üçün reys də dayandırılıb. Həmin mikroavtobuslar nə qədər cərimə olunsalar da, xeyri yoxdur. Yol cəhətdən yaxındır, ya başqa səbəbdən bilmirəm, insanlar da oradan getməyə üstünlük verir”.
 
Ş. Mehmanqızı avtovağzaldan mikroavtobusların çıxıb çıxmamasına da aydınlıq gətirib: “Bəlkə də, avtovağzalın qapısından bayırda qanunsuz sərnişindaşıma ilə məşğul olurlar, ancaq avtovağzalın özündən ola bilməz. Bildiyimiz kimi, ərazidə polis nəzarəti var”.
 

Google+ WhatsApp ok.ru