Leyla Yunusa dərman və yemək çatdırmağa problem yaradılır

«Mənimlə görüşə Leyla Yunus 50 metrlik koridoru 20-25 dəqiqəyə gəldi». Bunu AzadlıqRadiosuna dekabrın 9-da həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusla görüşmüş vəkili Ramiz Məmmədov deyir:

 

«Xəstəliklərində irəliləyiş yoxdur. İndiyədək aparılmış müayinələrin, analizlərin nəticəsini istəyir, ancaq ona vermirlər. Başa düşür ki, onu aldadırlar. Şəkəri, təzyiqi yüksək olduğu halda deyirlər ki, normaldır. Dərmanları evdən gəlir, indi ona da problem yaradırlar».

 

««HERKULES» BURAXMIRLAR»

 

Vəkilin dediyinə görə, şəkərli diabet xəstəsinə hərəkət vacib olduğu halda təcridxanada bu imkandan məhrumdur:

 

 

«Noyabrın 25-dən isti yemək yeməyib. Təcridxana yeməklərini yemir, evdən aparılan yeməklərə möhtacdır. Əvvəl özünə «Herkules» sıyığı hazırlayırdı, indi «Herkules» buraxmırlar. Başqa yeməkləri qaytarır (yəni qusur). Ancaq portağal dilimləri və nar şirəsi ilə aclıq hissini öldürdüyünü deyir».

 

««LOMKA» VƏZİYYƏTİNDƏ YATMAQ OLMUR»

 

Vəkil Leyla Yunusun səhhətinin ağır olaraq qaldığını deyir. Üstəlik, son vaxtlar kamera yoldaşlarının da sayının artıb:

 

«Hazırda kamerada 4 nəfərdirlər. Evdən yemək gəlir, vəkillə görüşdən sonra yeməklərin yoxa çıxdığını deyir. Kameraya bir narkoman yerləşdirilib. «Lomka» vəziyyətləri yaranır, yatmaq, dincəlmək mümkün olmur».

 

Leyla Yunus və əri Arif Yunus casusluq, maliyyə cinayətlərində ittiham olunur. Bu günlərdə həbsxanadan göndərdiyi məktubda Yunus mənəvi işgəncəyə məruz qaldığını yazırdı. Penitensiar Xidmət isə onun kamerasına yalnız həkimlərin girdiyini deyib, təzyiqlər barədə deyilənləri yalan adlandırıb. Qurum daha öncəki açıqlamalarında isə bütün məhbuslara eyni şərait yaradıldığını bildirirdi.

 

Leyla Yunus Tibbi Xidmətinin həkimlərinə etibar etmir

 

Hüquq müdafiəçisi Leyla Yunus Ədliyyə Nazirliyinin Tibbi Xidmətinin həkimlərinə etibar etmir. Bu barədə "Turan" İA-ya hüquq müdafiəçisinin vəkili Elçin Qəmbərov ombudsmanın L.Yunusa Ədliyyə Nazirliyi həkimləri tərəfindən tibbi yardım göstərildiyi haqqında məlumatlarını şərh edərkən bildirib.

 

Hüquq müdafiəçisi həbsxana həkimlərinə etibar etmir, belə ki, istintaq təcridxanasında saxlanıldığı müddət ərzində dəfələrlə təxribatlara, kamera yoldaşı və İT əməkdaşı tərəfindən fiziki təzyiqlərə məruz qalıb. Bu zaman onun özünü inzibati qaydada cəzalandırıblar.

 

Müdafiə tərəfi L.Yunusun müstəqil tibbi müayinədən keçirilməsini zəruri hesab edir.

 

Vəkilin sözlərinə görə, L.Yunusun vəziyyətində yaxşılaşma yoxdur: əvvəlki kimi onun təzyiqi və şəkəri yüksəkdir. O, çətinliklə hərəkət edir və hətta əl ağacı gətirməyi xahiş edib.

 

Müdafiə tərəfi hesab edir ki, L.Yunusun bundan sonra həbsdə saxlanılması onun həyatı üçün təhlükəlidir.

 

Bir müddət əvvəl Penitensiar Xidmət L.Yunusa qarşı heç bir təzyiq olmadığını və onun hüquqlarının təmin edildiyini iddia edib. azadliq.info /

Google+ WhatsApp ok.ru