Leyla Yunus növbəti dəfə tibbi müayinədən keçirilib

Müayinə aparmış beynəlxalq həkim qrupunun tərkibinə yeni həkimlər daxil edilib
Ədliyyə Nazirliyi Penitensiar xidməti Leyla Yunusun yenidən müayinə olunduğu barədə məlumat yayıb.
APA-nın xəbərinə görə, Penitensiar xidmətin yaydığı məlumatda deyilir ki, Azərbaycan hökuməti humanizm prinsiplərini rəhbər tutaraq və Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən şəxs Leyla Yunusovanın səhhəti barədə yayılan şayiələrə son qoymaq məqsədilə Almaniyanın tanınmış “Charite” xəstəxanasının şöbə müdiri, professor Dr. Kristian Vittin Leyla Yunusovanı müayinə etməsinə razılıq verib və bunun üçün bütün şərait yaradılıb.
Təqsirləndirilən şəxs Leyla Yunusovanın tam müayinəsi 2014-cü il dekabrın 29-da Respublika Diaqnostika Mərkəzində Kristian Vitt və Azərbaycanın müxtəlif sahələr üzrə yüksək ixtisaslı həkimləri - professorlar Murad Məmmədov, Gəray Gəraybəyli, Rauf Ağayev və tibb elmləri doktoru Rövşən Həsənovun iştirakı ilə aparılıb.
Ədliyyə Nazirliyinin Penitensiar xidməti bildirir ki, 2015-ci il yanvarın 26-da Respublika Diaqnostika Mərkəzində Leyla Yunusovanın növbəti müayinəsi həyata keçirilib, laborator analizlər üçün qan nümunələri götürülüb. Leyla Yunusovaya ginekoloji və onkoloji müayinədən keçmək dəfələrlə təklif edilib, lakin o, həmin müayinələrdən imtina edib.
Müayinə aparmış beynəlxalq həkim qrupunun tərkibinə əvvəlki müayinədə iştirak etmiş mütəxəssislərlə yanaşı, həmçinin Macarıstanın Budapeşt şəhərindəki “Metropolitan” Onkoginekoloji Mərkəzinin rəhbəri professor Laszlo Unqar və tanınmış ginekoloq professor Aleksandr Borsukov daxil edilib.
Müayinənin nəticəsi olaraq, beynəlxalq həkim qrupu tərəfindən protokol tərtib edilib, nəticələr sənədləşdirilib və müayinə prosesinin foto və video çəkilişi aparılıb. /

 

Google+ WhatsApp ok.ru