Leyla Yunusun kamerasına narkoman yerləşdirilib

Vəkil Elçin Qəmbərov dekabrın 10-da həbsdə olan Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusla görüşüb. Elçin Qəmbərov musavat.com-a açıqlamasında hüquq müdafiəçisinin kamerasına narkoman yerləşdirildiyini bildirib: “Dünən Leyla xanımla görüşdüm. Onun kamerasına narkoman qız yerləşdiriblər. Nə gecəsi var, nə də gündüzü. Qız narkotik qəbul edə bilmədiyinə görə tez-tez halı dəyişir. Bu zaman qapıları çırpır. Bu vəziyyət Leyla xanıma əlavə çətinliklər yaradır. Bir növ psixoloji təzyiqdir. Ən ağır işgəncələrdən biri yuxusuzluqdur. Yaşlı qadını yuxusuz vəziyyətə salırlar”.
 
Vəkil Almaniya səfirliyinin Leyla Yunusa verdiyi dərmanların son günlərdə ona çatdırılmadığını da qeyd etdi: “İndiyə qədər Almaniya səfirliyinin Leyla xanıma verdiyi dərmanlar ona çatdırılırdı. Səfirlik şəkərlə bağlı Leyla Yunusa qayğı göstərirdi. Amma son günlər bundan da məhrum edilib.  Səbəb aydın deyil. Leyla xanım həkimdən dərmanları tələb edəndə açıq şəkildə deyirlər ki, siz bizimlə əməkdaşlıqdan imtina edirsiz. Həkimlə hansı əməkdaşlıq ola bilər? Bunu anlamaq çətindir. Xəstə adamın dərmanları verilməlidir. Çox acınacaqlı durumdur. Bununla belə, dünən şad xəbər eşitdik. ABŞ səfirliyindən bizə dedilər ki, Leyla Yunus cəsarətə görə Amerika Konqresi tərəfindən mükafata namizəddir. Bu çox ciddi bir hadisədir”. musavat /
 

Google+ WhatsApp ok.ru