Leyla Yunusun vəkilləri narazıdır

Bir müddət əvvəl istintaq orqanı vəkillər Cavad Cavadov və Xalid Bağırovu Sülh və Demokratiya İnstitutunun həbsdə olan rəhbəri Leyla Yunusun müdafiəsindən uzaqlaşdırıb.
 
Leyla Yunus iyulun 30-da həbs edilib. Onun həyat yoldaşı, Sülh və Demokratiya İnstitutunun eksperti Arif Yunus da həbsdədir. Arif Yunus avqustun 5-də tutulub. Onlar dövlətə xəyanətdə və maliyyə cinayətlərində ittiham olunurlar. Hər iki şəxsin istintaqını Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır.
 
Arif Yunus tutulandan MTN-in təcridxanasında, Leyla Yunus isə Bakı İstintaq Təcridxanasında saxlanır.
 
Leyla Yunusun hüquqlarını vəkillər Elçin Qəmbərov, Ramiz Məmmədov, Fariz Namazlı, Əlayif Həsənov da müdafiə edir.
 
“Media forum” saytına açıqlamasında Əlayif Həsənov bildirib ki, iki vəkilin işdən uzaqlaşdırılması müdafiənin effektini azaldır: “Bizim hər birimizin əlində başqa işlər də çoxdur. Məsələn, mən bir müddətdir ki, vaxt tapıb Leyla Yunusla görüşə bilmirəm”.
 
Ramiz Məmmədov qeyd edib ki, müdafiəçilərin işdən kənarlaşması barədə qərarın motivini bilmir: “Təbii ki, müdafiəçilərin çoxluğu işin xeyrinə olar. Leyla Yunusa ağır ittihamlar irəli sürülüb. Hərə bir səmtdən yapışsa, daha effektli müdafiə qurmaq mümkün olar”.
 
Ramiz Məmmədov noyabrın 19-da “Media forum” saytına onu da deyib ki, Leyla Yunusla ötən həftə görüşüb: “Səhhəti çox pisdir. Şəkər xəstəliyi onu çox üzür”. (azadliq.info) /

Google+ WhatsApp ok.ru