İlham Əliyev iranlı nazirə orden verdi

Prezident İlham Əliyev aprelin 21-də İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib,
 
Maide.az AzərTAc-a istinadən xəbər verir.
 
İlham Əliyev Mahmud Vaezinin ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafı üçün çox böyük işlər gördüyünü, Azərbaycan xalqı və dövləti tərəfindən bu işlərin yüksək qiymətləndirildiyini dedi. Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeni ilə təltif olunduğunu dedi və ordeni ona təqdim etdi.
 
Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeninə layiq görülməsinə görə dövlətimizin başçısına minnətdarlığını ifadə edən İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi öz xalqına və öz dinindən olan qonşu Azərbaycan xalqına xidmət etməsindən iftixar hissi duyduğunu vurğuladı.
 
Aprelin 20-də Azərbaycan-İran dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün təməlqoyma mərasiminə toxunan dövlətimizin başçısı bunu ötən müddət ərzində görülən işlərin nəticəsi kimi dəyərləndirdi və ölkələrimiz arasında əldə olunan bütün razılaşmaların icra edilməsindən məmnun olduğunu dedi. /
 
 

Google+ WhatsApp ok.ru