'Ölü' ixtisaslar...

'Ölü' ixtisaslar...

Təhsil üzrə ekspert Kamran Əsədov hesab edir ki, Azərbaycanın ali təhsil müəssisələrində öyrədilən bəzi ixtisaslar gələcəkdə lazım olmayacaq və onlara maliyyə vəsaitləri xərcləmək mənasızdır.
 
K.Əsədov AzadlıqRadiosuna deyib ki, bu, daha çox I ixtisas qrupuna aid məsələdir: «Artıq dünya yeni texnologiyaya keçib, mexaniki avtomobil yox dərəcəsindədir, artıq, əsasən, avtomat idarəetmə formasına keçilib. Amma biz mexanika üzrə mütəxəssis hazırlayırıq. Bunlar lazımdırmı?».
 
Ekspert vurğulayıb ki, dünya yeni bir texnologiyaya keçdiyi vaxtda Azərbaycan geologiya, geologiya mühəndisliyi, geodeziya, yer quruluşu, şəhər kadastrı kimi bir-birini təkrarlayan ixtisaslar üzrə mütəxəssislər yetişdirir. Onun deməsinə görə, bu məsələ ilə bağlı dəfələrlə Nazirlər Kabinetinə, Təhsil Nazirliyinə müraciətlər göndərib. Ekspert qeyd edib ki, bu ixtisasları bitirənlərin yalnız 30 faizi işlə təmin edilir.
 
K.Əsədova görə gələcəyin ixtisasları var ki, Azərbaycan universitetləri bundan «200 kilometr» aralıdır: «Bizdə biomedikal mühəndislik yoxdur. Kompüter ixtisasları var, amma kompüter oyunlarını dizayn edən ixtisaslar yoxdur. Ona görə də, bu sahədə bazarda öz məhsulumuz yoxdur. Ekoloji davamlılıq, daxili təhlükəsizlik, virtual təhlükəsizlik, yeni media, ictimai səhiyyə kimi ixtisaslara ehtiyac var. Nanotexnologiya isə bizdə «ölüb». 2-3 illik araşdırma aparmışam ki, memarlıq və mühəndislik, riyaziyyat-informasiya sahələri bir yerdə olmalıdır. Biz bu istiqamətdə kadr yetişdirmək üçün lazım olan illəri itirdik. Siyahı hazırlayıb vermişəm ki, bizim ali məktəblərdəki ixtisaslar dünənin ixtisaslarıdır, artıq köhnəlmiş və «ölü» ixtisaslardır».
 
Ekspert deyib ki, kənd təsərrüfatı, neft istehsalı üzrə ixtisaslar var. Amma onun qeyd etməsinə görə, bu sahələr üzrə menecer ixtisası yoxdur, xaricilər gəlib bu menecerliyi edir, proqram sistemi tərtibatçıları olmalıdır.
 
K.Əsədov deyib ki, dünyada gələcəyin yeni ixtisasları formalaşır, amma Azərbaycanda gələcəyin ixtisasları nə ola bilər, bu haqda düşünən yoxdur: «20-30 ildən sonra bu gün mövcud olan bəzi ixtisaslar tamam sıradan çıxacaq. Onun yerini isə başqa ixtisaslar alacaq. Ona görə də araşdırmaq lazımdır ki, 15-20 ildən sonra hansı ixtisaslara ehtiyac olacaq? Bu haqda düşünən yoxdur. Azərbaycanın əmək bazarında bu hansı dəyişikliklərə səbəb olacaq, 10-15 ildən sonra hansı ixtisaslara ehtiyac yaranacaq - bunu müəyyənləşdirməli və bilməliyik ki, strateji planımız olsun. Təəssüf ki, bu istiqamətdə heç bir araşdırma və düşüncələr yoxdur». /azadliq.org 
 

Google+ WhatsApp ok.ru