Ölkələrin ÜDM reytinqi açıqlanıb

Dünya Bankı 2013-cü il üçün ÜDM (Ümumi Daxili Məhsul) həcminə görə 191 ölkənin yer aldığı reytinq siyahısını açıqlayıb.
 
Siyahıya ÜDM həcmi 16.8 trilyon dollara çatan ABŞ başçılıq edir. Müvafiq olaraq 9.2 trilyon dollarlıq ÜDM həcmi ilə Çin siyahıda 2-ci, Yaponiya 4.9 trilyon dollarla 3-cü, Almaniya isə 3.6 trilyon dollarla 4-cü sıradadır. ÜDM həcmi 2.1 trilyon dollar olan şimal qonşumuz Rusiya siyahıda 8-ci yerdədir. Maraqlı məqam ondan ibarətdir ki, Braziliya ÜDM-in həcminə görə (2.2 trilyon dollar) siyahıda Rusiyadan önə keçərək 7-ci pillədə qərarlaşıb. 
 
RUSİYA POSTSOVET ÖLKƏLƏRİN LİDERİDİR
 
Öz növbəsində Rusiya keçmiş SSRİ respublikaları arasında bu göstəricilərə görə böyük fərqlə liderdir. Onu 224.4 milyard dollarla Qazaxıstan izləyir. Bütövlükdə isə Qazaxıstan dünya ölkələri arasında 45-cidir və göstəriciləri baxımından orta səviyyəli ölkələri qabaqlayır. ÜDM-in həcminə görə Qazaxıstanı Ukrayna izləyir – 177.4 milyard dollar. Rusiyanın göstəricilərindən təxminən 30 dəfə geri qalan Azərbaycan 73.6 milyard dollarla postsovet məkanı ölkələri arasında 4-cü, ümumi siyahıda isə 67-ci sıradadır.
 
ERMƏNİSTAN SİYAHIDA SONUNCUDUR
 
Ermənistan keçmiş sovet respublikaları arasında ən aşağı göstəriciyə malikdir (10.4 milyard dollar) və ÜDM həcminə görə dünyada 135-ci yerdədir. Bu baxımdan Azərbaycan və Ermənistan ÜDM-ini müqayisə etsək, Azərbaycanın Ermənistanı 7 dəfə qabaqladığının şahidi olarıq. Türkiyə siyahıda 17-ci yerdə qərarlaşıb. Bu ölkədə ÜDM-in həcmi 820.2 milyard dollardır. Digər qonşumuz – İran İslam Respublikası 32-ci sıradadır – 368.9 milyard dollar. Maraq üçün qeyd etmək istərdik ki, siyahını 38.1 milyon ÜDM həcmi ilə Tuvalu qapayır.
 
ADAMBAŞI ÜDM
 
ÜDM-in dünya üzrə həcmi 2013-cü ildə 74.9 trilyon dollar olub. Bu, 2012-ci illə müqayisədə təqribən 2 trilyon dollar artım deməkdir. Ümumilikdə ÜDM göstəricisi ölkə iqtisadiyyatlarının durumunu göstərən iqtisadi indekslərdən biridir. Hər ölkədə adambaşına düşən ÜDM (AQP) həmin ölkədə yaşayan əhalinin həyat səviyyəsinin əsas göstəricilərindən sayılır. Azərbaycanda adambaşına düşən ÜDM 8 min dollara yaxındır (7 min 912 ABŞ dolları).

Google+ WhatsApp ok.ru