Ölkədə dini fəaliyyət mərkəzləşdirilmiş şəkildə həyata keçiriləcək

Prezident Kamal Abdullaya geniş səlahiyyətlər verib, rayon icra başçılarının birinci müavinləri yeni müşavirə tabe etdirilib; müşavirlik isə təkcə dini maarifçiliyi həyata keçirməyəcək... 
Avqustun 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullanın iştirakı ilə müşavirə keçirilib. Tədbirdə bildirilib ki, Kamal Abdulla ölkənin şəhər və rayonlarının mütləq əksəriyyətində olub, məscidlərdə, kilsə və sinaqoqlarda, kirxa və məbədlərdə yerli dindarlarla çoxsaylı görüşlər keçirib. O, bu yöndə müvafiq işlərin görüləcəyini söyləyib. 
 
Qeyd edək ki, Kamal Abdulla müşavir vəzifəsinə bu ili təyin olunub. Hidayət Orucovun DQİDK sədri postuna gətirilməsindən sonra müşavir vəzifəsi faktiki olaraq boş qalmışdı. K.Abdullanın həmin posta təyinatı dini sahədə gərgin proseslərin baş verdiyi bir dönəmə təsadüf etmiş oldu. Gözlənildiyi kimi, dövlət başçısı yeni müşavirə geniş səlahiyyətlər verdi. 
 
Yeri gəlmişkən, bir qədər əvvəl rayon icra hakimiyyətlərində Dini Məsələlər üzrə Komissiyalar yaradılıb. Komissiyalara sədrlik isə rayon icra hakimiyyətlərinin 1-ci müavinlərinə həvalə olunub. Komissiyalar bu istiqamət üzrə işlərini yeni yaradılan Azərbaycan prezidenti yanında Bilik Fondu ( K.Abdulla qurumun rəhbərliyində təmsil olunur) ilə birgə əməkdaşlıq sayəsində həyata keçirəcək. Ümumi nəzarət isə müşavir Kamal Abdullaya tapşırılıb. Komissiya sədrləri də birbaşa ona tabe olacaq. Komissiyaya bu sahədəki nöqsanlara reaksiya vermək və problemləri aradan qaldırmaq səlahiyyətləri də verilib.
 
Bir qədər əvvəl K.Abdulla özü də yeni işinin əhatəli olacağını söyləmişdi. Müşavir demişdi ki, artıq bütün icmaların fəaliyyəti, problemləri ilə məşğul olub problemlərin aradan qaldırılmasında iştirak edəcəklər. O, həmçinin, yeni vəzifəsində prioritetlərini açıqlayıb. Onun sözlərinə görə, əsas hədəf Azərbaycanı kənar təsirlərdən qorumaqdır: “Qarşıya qoyulan əsas məqsəd dövlətçiliyi qorumaqdır. Dövlətçiliyimizi qorumaq ailəmizi, dinimizi, icmamızı yad təsirlərdən qorumaq deməkdir”.
 
 
Vəzifəsinə təyin olunduqdan sonra K.Abdullaya yeni səlahiyyətlərin verilməsi ölkədə dini fəaliyyətin həyata keçirilməsi ilə bağlı faktiki olaraq üçüncü rəsmi qurumun yaradıldığını göstərir. Qafqaz Müsəlmanları İdarəsi uzun illər ölkədə əsas dini idarə olub. Hakimiyyət yerli müsəlman dini icmalar üzərində üstün səlahiyyət tanıdığı QMİ-nin geniş imkanları olsa da, qurum faktiki olaraq din sahəsində ciddi fəaliyyət göstərə, hətta müsəlman icmaları üzərində nüfuz yarada bilməyib. 
 
Dövlətin ikinci dini qurumu olan DQİDK isə daha çox nəzarət funksiyası daşıyan səlahiyyət alıb, ona dini təbliğat kimi səlahiyyət verilməyib. DQİDK sədrləri ara-sıra bu sahəyə girməyə çalışsalar da, müvafiq səlahiyyətin olmaması səbəbindən bu cəhdlər uğurlu alınmayıb. Eyni zamanda hakimiyyət özü bu məsələdə maraqlı olmayıb. Ancaq son illərdə ölkədə müsəlman icmalarının belə desək, kontroldan çıxması, radikal, dövlətçiliyə qarşı olan camaatların, ruhanilərin fəallaşması hökuməti din sahəsində daha aktiv siyasət həyata keçirməyə məcbur edib. Xüsusən də azərbaycanlı dindarların xarici ölkələrdə döyüşlərə qatılması ilə bağlı vəziyyətin narahatlıq həddinə çatması hökuməti hərəkətə gətirib. Həm DQİDK, həm də QMİ son aylarda fəallaşaraq bir sıra fəaliyyətlərdə bulunub radikal dini təbliğatlara qarşı tədbirlər təşkil etsələr də, hökumət 3-cü bir qurum yaratmaqla əslində bu sahəyə böyük diqqət olduğunu göstərdi. 
 
Dini fəaliyyətin QMİ-yə və ya DQİDK-ə deyil, prezident yanında yaradılan müşavirliyə tapşırılması onu göstərir ki, ölkə rəhbərliyi bu sahəni birbaşa öz nəzarəti altında saxlamaq niyyətindədir. Çatan məlumatlara görə, K.Abdullanın müşavir xidməti geniş ştat vahidinə sahibdir. Çoxlu sayda yeni kadrların cəlb olunduğu müşavirliyə YAP kadrları da cəlb olunub. Rayon icra hakimiyyətləri başçılarının birinci müavinlərinin məhz müşavirə tabe etdirilməsi isə sahəyə nəzarət prosesinin ölkə boyu aparılacağını göstərir. 
Əlavə edək ki, din sahəsində dövlətin köklü proqramının və həqiqi İslam dəyərlərinin təbliği ilə bağlı fəaliyyətin olması mütəxəssislər tərəfindən daha əvvəllər də təklif olunsa da, məsələdə əsas məqam bu fəaliyyətin sağlam şəkildə həyata keçirilməsidir. Bu mənada indi əsas sual K.Abdullanın miqyasına görə çox böyük və həssas bir iş olan dini fəaliyyəti necə təşkil və həyata keçirəcəyi ilə bağlıdır. musavat /

 

Google+ WhatsApp ok.ru