Ölkədə ailə münaqişəsi zəminində cinayətlər durmadan artır - ekspertlər həyacan təbili çalır

Son illər ölkədə ailə zəminində baş verən cinayətlərin sayında artım müşahidə olunur. Cəmiyyətdə təbii ki, bu məsələ heç də sakit tərzdə qəbul olunmur. Azərbaycan ailələrinə xas olmayan cinayət, qarşıdurma, çəkişmə prosesləri artıq gündəlik xəbər manşetlərinə çevrilib. Bu günlərdə də bir ananın öz övladlarını faciəli şəkildə öldürməyi isə ümumiyyətlə bu istiqamətdə çox ciddi işlərin, araşdırmaların zəruriliyini gündəmə gətirdi.

 

  “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova qeyd edib ki,cəmiyyətdəki bu anormallığın kökü ilə bağlı mütəxəssislərin köməkliyi ilə çox  ciddi araşdırmalara başlamaq lazımdır: “Azərbaycanın ənənəvi ailəsində bir subardinasiya var idi ki,  ailədə hər kəs öz  rolunu bilirdi. Bu subardinasiyada yazılmamış qanunlarla hər kəs öz rolunu  doğru-duzgün yerinə yetirirdi. Bu ailələrdə  ədəb qaydaları dəyərə malik idi. Təəssüflər olsun ki,  yeni ailə modeli bu standartları formalaşdıra bilməyib. Təbii ki,  demokratik cəmiyyətlərdə hər kəsin  söz haqqı var. Amma bütün bu qanunlardan əlavə ailədə birinin digərinin qarşısında  bir mənəvi öhdəliyi də olmalıdır. Bu prinsiplərin kökü dağılıb. Əvvəlki ailə modellərində bu kimi məsələlər danışılmırdı,    amma kökdə bütün bunlar var idi. Yeni ailə modelinin formalaşmasında bir çox amillər ciddi rol oynayıb. Burada uzun illər zorakılığı təbliğ və təqdir edən filmlərin verilməsini misal çəkmək olar. Çürbəcür yalnış mövzulu verilişlər və bütün bu kimi amillər ailə münasibətlərini yalnış məcraya yönəltdi.  Məsələn bu günlərdə bir ailədə ananın öz övladını öldürməsi halı kimi bir qorxunc xəbərlə qarşı-qarşıya gəldik. Azərbaycan dəyərləri çərçivəsində bir ananın iki övladının başını kəsməsi halı adi bir cinayət deyil. Bu məsələ çox ciddi araşdırılımalıdır. Bəlkə qeyd etdiyim kimi zorakılıq tətbiq edən filmlərin nəticəsidir, bəlkə xaricdən gətirilən GMO məhsullarının mütəmadi qəbulun nəticəsidir?  Düşünürəm ki, cəmiyyətdəki bu anormallığın kökü ilə bağlı mütəxəssislərin köməkliyi ilə çox ciddi araşdırmalara başlamaq lazımdır”.

 

 Sovet dövründə bu cür cinayət xarakterli məlumatlar gizlədildiyini deyən media eksperti  Elçin Şıxlı  deyib ki, həmin vaxtlar informasiyalar xüsusi  senzura ilə dərc edilirdi: “Indi cürbəcür cinayət tipli xəbərlərin yayılmasında heç bir problem  olmur. İnformasiya ötürməsi daha da asanlaşıb. Bu baxımdan da bizə elə gəlir ki, ölkədə baş verən  bu tipli cinayətlərin sayı artıb. İnkar etmək olmaz ki, müəyyən dərəcədə cinayətlərin sayı artıb.  Sosial şəbəkələr vasitəsi ilə bu cür cinayətlər çox sürətlə yayılır və bunların qarşısını almaq  mümkün deyil. Amma bu məsələdə medianı, mətbuatı günahlandırmaq düzgün deyil. Media  sadəcə olan bir xəbəri verir. Baş verən neqativ halları başqa yerdə axtarmaq lazımdır.  Ümumiyyətlə cəmiyyətdə gərginlik müşahidə etmirəm. Ölkədə valideyin övladını və ya əksinə öldürməsi çox nadir hallarda baş verir. Sadəcə olaraq əvvəllər bizdə böyük-kiçik məsələsi çox sərt idi. Məktəbdə, evdə, cəmiyyətdə böyüyə hörmət tendensiyası zəifləyirsə, ictimai qınaq deyilən bir şey demək olar ki, yoxa çıxırsa onda bu kimi neqativ hallar da çoxalacaq”.

 

 

Ailə zəminində baş verən cinayətlərin də sayı artdığını deyən vəkil Əsabəli Mustafayev deyib ki, ailədə hər hansı mülkü və ya cinayət xarakterli işi etmək cəmiyyətdə qınaq obyekti olmur: “Bir tərəfdən mənəvi dəyərlərin qiymətdən düşməsi, digər tərəfdən maddi durumun ağırlaşması insanlara psixoloji cəhətdən çox ağır zədələr yetrir. Eyni zamanda da qeyri-adekvat hərəkətlərə sövq etdirir. Cəmiyyətdə ailə münasibətlərində ailə dəyərlərinin dəyərdən düşməsi artıq göz qabağındadır. Əvvəllər fərdi zəmində hər hansı  mübahisələr olurdu. İndi isə ailə daxili məhkəmə çəkişmələri artıb. Valideyin, övlad, övlad vlideyin, iki qardaş, bacı qardaş arası mübahisələr artıb, hətta deyərdim ki, indi mübahisələr əsasən bu zəmində olur. Bu artıq göstəricidir. Bu göstəricilərə isə cəmiyyətşünaslar artıq diqqət ayrımalıdırlar. Artıq ailədə hər hansı mülkü və ya cinayət xarakterli işi etmək cəmiyyətdə qınaq obyekti olmur.  Bu da getdikcə artır və daha artıq faciələrə səbəb olur. Düşünürəm ki, bu istiqamətdə artıq ciddi işlər aparılmalıdır”. deyerler.org/

Google+ WhatsApp ok.ru