Ölkənin ayrı-ayrı bölgələrində səyyar QİÇS müayinə məntəqələri təşkil olunacaq

Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi 2013-cü ildə qoşulduğu “İİV-ə testləşmə Avropa həftəsi”nin müsbət təcrübə və nəticələrinə əsaslanaraq 3-10 avqust tarixlərini “İİV-ə testləşmə milli həftəsi” elan edib.
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, “Testdən keç-təhlükəsiz yaşa” şuarı altında keçiriləcək bu kampaniya ölkədə İİV/QİÇS-lə mübarizənin daha da güclənilməsi, insanların öz İİV-statusunu bilməsinin təmin edilməsi, yoluxma hallarının erkən aşkarlanması və profilaktikasının genişləndirilməsi, bu sahədə əhalinin biliklərinin artırılması, İİV-lə bağlı stiqma və diskriminasiya hallarının qarşısının alınması məqsədini daşıyır.
 
Kampaniya tədbirlərinə əhalinin əlçatanlığının təmin olunması üçün ölkənin ayrı-ayrı bölgələrində səyyar İİV-ə müayinə məntəqələri təşkil olunacaq.
 
“İİV-ə testləşmə milli həftəsi” BMT-nin İİV/QİÇS üzrə birləşmiş proqramı olan UNAIDS təşkilatının 2013-cü ildə elan etdiyi “Sıfır – İİV-ə yeni yoluxmalar, Sıfır – İİV-lə bağlı damğalanma halları, Sıfır – İİV/QİÇS-dən ölüm halları” strategiyası əsasında keçirilir.
 
Azərbaycanda ənənəvi olaraq, Avropa həftəliyinin yüksək səviyyədə keçirilməsi və geniş miqyaslı profilaktik tədbirlərin səmərəliyi, 20-dən çox beynəlxalq təşkilatı özündə birləşdirən “HIV in Europe” təşkilatı tərəfindən xüsusi vurğulanıb.
 
Kampaniya çərçivəsində İİV-ə müayinələrin əsasən müəssisələrdə və iş yerlərində aparılması nəzərdə tutulub. 

Google+ WhatsApp ok.ru