Ölkə ictimaiyyətinın 2016-cı ildən gözləntiləri nәdir? - SORĞU

2015-ci il ölkə üçün o qədər də müsbət proseslərlə yadda qalmadı. Belə ki, ölkənin daxilində və xaricində baş verən proseslər Azərbaycanda da mәnfi təsirlərini buraxdı. İctimaiyyət gələn il ilə bağlı o qədər də müsbәt əhval-ruhiyyədə deyil. İqtisadi böhranla daxil olduğumuz il heç də yaxşı vədlər vermədiyi elə ilk vaxtlarından bəllidir.
 
Mövzu ilə bağlı Deyerler.org-a fikirlərini bölüşən “Turan” İnformasiya Mərkəzinin rəhbəri Mehman Əliyev deyib ki, əslində 2015-ci il də yaxşı il kimi qəbul etmək olar: “2015-ci ildə ciddi dəyişikliklərə şahidlik etdik. Durğunluqdansa hər hansı dəyişikliyin olması yaxşı qəbul edilməlidir. Uzun illərdir Azərbaycana gələn neft pulları ilə elə bilirdilər ki, ölkədə inkişaf var. İndiki durum bu fikirləri alt-üst edən, dəyişikliyə aparan bir durumdur. Çətindir, ağırdır və heç kəs istəməzdi ki, insanlar bu qədər əziyyət çəksin. Amma təəssüflər olsun ki, bu vəziyyət yaranıb. Bu baxımdan, 2015-ci ili dəyişikliklərin başlanması ili kimi qəbul etmək lazımdır. 2016-cı ili daha çox islahatlar ili kimi görürəm. Böyük müsbət dəyişikliklərin olacağını düşünürəm. 2016-cı il maddi baxımından çox çətin il olacaq. Amma islahatların başlayacağı il olacaq. Eyni zamanda, düşünürəm ki, 2015-ci ildə 2017-2018-ci illər üçün ciddi bünövrə qoyulacaq”.
 
Tanınmış jurnalist İlhamiyyə Rzayeva Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, ekspertlərin proqnozlarına görə, üzümüzə gələn il heç də asan il olmayacaq: “Yaşadığımız böhran özünü göstərməkdədir. Deyilənə görə, böhranlı durum 2017-ci ilin sonuna qədər davam edəcək. Amma bütün hallarda yeni il öncəsi istəməzdim bədbin ovqata köklənək. Hesab edirəm ki, Azərbaycanı çox ciddi sınaqlar gözləyir. Çünki, xarici siyasətimizi yenidən qurmağı düşünməliyik. Ümumi görüntüyə diqqət etsək mənzərənin yaxşı olmadığını görürük.
 
İstər ABŞ-la olan münasibətlərə, istər Türkiyə-Rusiya münasibətərinin gərginləşməsi fonunda Azərbaycanın mövqeyinə diqqət etsək ilin asan olmayacağı daha konkret şəkildə aydın olur. Adi vətəndaş səviyyəsindən dövlət səviyyəsinə qədər bütün sahələrdə ağır durumları hiss edəcəyik. Belə məqamlarda biz öz dövlətçilik mahiyyətimizi daha yaxşı biruzə verə bilərik. Əslində “böhran” sözü həm çətinlik, həm fürsətlər mənasını verir. Biz ölkənin durumuna yenidən baxıb müəyyən addımlar ata bilərik. Bu mənada müsbәt olsaq və proseslərə müsbәt yanaşsaq 2016-cı ili fürsətlər ili kimi də adlandırmaq olar”. /
 

Google+ WhatsApp ok.ru