Ölkədə artan işsizlər ordusu nə vəd edir? - Sorğu

2015-ci ildə Azərbaycanda 40450 iş yeri bağlanıb. Məlumat Dövlət Statistika Komitəsindən verilib. Rəsmi məlumatda bildirilib ki, ötən il ölkədə 115869 yeni iş yeri açılıb, lakin həmin dövrdə müvafiq olaraq 40450 iş yeri ləğv edilib. Ləğv olunmuş iş yerləri iqtisadiyyatın əsasən ticarət, nəqliyyat vasitələrinin təmiri (19,2%), nəqliyyat və anbar təsərrüfatı (15,5%), tikinti (8,3%), dövlət idarəetməsi və  müdafiə, sosial təminat (6,4%), emal sənayesi (5,5%) və peşə, elmi və texniki fəaliyyət (4,7%) sahələrində baş verib.

Milli Şuranın üzvü Eldəniz Quliyev Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, ölkədə mövcud gərginlik artan templə inkişaf edəcək: “Əslində ölkədə iş yerləri bağlanmadıqda da gərginlik mövcud idi. Amma indi proses artıq kifayət qədər kritik bir həddə gəlib çıxıb. Əhali bir qarın çörək uğrunda mübarizə aparır.

Ölkədə bir çox insanlar bu durumla üzbəüzdür. Əhali iş yerlərinin itirilməsindən daha çox yaşam ümidini itirmək kimi mövzularla əhatə edilib. Sosial ədalətsizlik göz önündə idi, indi isə artıq daha real şəkildə təcəssüm olur. Sosial partlayış əl ilə toxunmaq hədinə qədər gəlib çatıb. Cəmiyyətin öz etirazını kütləvi surətdə təzahür etdirməsi proqnozunu heç kəs verə bilməz. Amma fakt odur ki, əhali bu qədər sosial ədalətsizliyə hələ dözür”.

Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, gərək ilk növbədə qeyri-formal əmək bazarının həcmi azalsın: “Ölkədə bağlanan iş yerlərindən çıxarılan işçilər formal əmək bazarının iştirakçısıdırsa, onlara müəyyən kompensasiyalar verilir. Əmək müqaviləsi olmadan işləyən işçilərə heç bir müavinət ödənilmir. Məlumdur ki, özəl sektorda ikili mühasibat aparılır. İşçi realda 1000 manat alırsa, ona əmək müqaviləsində 200-300 manat ətrafında maaş yazılır. Həmin insanda ixtisarla bağlı təzminat veriləcəksə, yazılı şəkildə göstərilən əmək haqqı miqdarına uyğun təzminat ödənilir. Dövlət sektorunda ixtisara düşən işçilərə 1 aylıq əmək haqqı həcmində müavinət verilir.

Əgər işçi iki ay ərzində iş tapmasa məşğulluq mərkəzindən arayış gətirməklə 2-ci, 3-cü aylar üçün də müavinət ala bilər. Təbii ki, burada əsas mövzu şirkətlərin özünü nə qədər məsuliyyəti hiss etməsi ilə bağlıdır. Məsuliyyətli şirkətlər işdən azad etdiyi işçisinin ailəsinin müəyyən qədər ac qalmaması üçün elə miqdarda müavinət verir ki, işçi bir müddət özünü idarə edə bilsin. Təbii ki, bu proseslərdə müəyyən qədər boşluqlar da var. Amma bu məsələdə ən ciddi neqativ hal kimi, əmək müqaviləsi olmadan işləmək qeyd edilməlidir. Belə yerdə heç bir münasibətdən söhbət gedə bilməz. Bu cür şəxslər ixtisar edilən vaxt deyilir ki, "sabah işə gəlmə!". Bu məsələlər qanunla düzələ bilən məsələ deyil. Gərək ilk növbədə qeyri-formal əmək bazarının həcmi azalsın. Bu da hələ ki, azalmır”. /

Google+ WhatsApp ok.ru