Ölkədə boşanma halları artır

Ölkədə boşanma halları artır

Cari ilin ilk iki ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 8476 nikah və 2422 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,4, boşanmaların sayı isə 1,5 olub.
 
Araşdırmalar göstərir ki, Azərbaycanda boşanmaların sayının artması tendensiyası 2004-cü ildən başlayıb. Həmin il cəmi 7 minə yaxın boşanma faktı qeydə alınıb, 2005-ci ildə boşanan ailələrin sayı 9 minə yaxınlaşıb. 2010-cu ildə Azərbaycanda 9061, 2011-ci ildə 10 747, 2012-ci ildə 11087, 2013-cü ildə 11730, 2014-cü ildə 12 088, 2015-ci ildə 12 764, 2016-cı ildə 13 114 boşanma halı baş verib.
 
Ötən il daha çox 30-34 kişilər və 25-29 yaşlı qadınlar nikah münasibətlərinə son qoyub. Kişilər arasında daha çox 25-29 yaş qruplarında 133 nəfər, qadınlar arasında 20-24 yaş qruplarında 117 nəfər bir ilə qədər davam edən evlilikdən boşanıb.
 
Maraqlıdır, Azərbaycanda ailə, qadın və uşaq prolblemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı boşanmaların qarşısının alınmasında hansı addımlar atıb?
 
Modern.az-ın bu qəbildən olan suallarını Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova cavablandırıb. O deyib ki, Komitəyə müraciət edən cütlüklərin əksəriyyəti artıq boşanmış olur:
 
Boşanma səbəbləri: içki, qumar, narkomaniya...
 
“Bizə müraciət edənlər əsasən boşanmış və müəyyən problemlə üzləşmiş olanlardır. Komitə ailələrin boşanmasının qarşısının alınmasında davamlı maarifləndirmə işləri aparır. Eyni zamanda boşanma səbəbləri və riskli ailələr tərəfimizdən araşdırılır. Səbəblər araşdırılarkən məlum olur ki, nikaha daxil olan zaman insanlar tərəfindən tələskənliyə yol verilir. Öhdəliklərini dərk etmədən ailə qurur və problemlərlə qarşılaşırlar. O problemlər isə həlli olmayan problemlər olur. Məsələn, zərərli vərdişlərə aludə, təhlükəli xəstəlik daşıyıcısı olmaları, qadın yaxud kişinin məhkumluq həyatı və s. amillər ailələrin davamlı münaqişəsinə və dağılmasına gətirib çıxarır”.
 
“Problemli ailələr polis qeydiyyatındadır”
 
Komitə rəsmisi bildirib ki, problemli ailələr birbaşa Komitəyə və mərkəzlərinə müraciət edirlər:
“Bildiyiniz kimi, Komitənin 11 regional mərkəzi fəaliyyət göstərir. Biz özümüz risk qrupuna daxil olan ailələrlə davamlı əlaqədə oluruq. Aparılan mənəvi və psixoloji yardımlar nəticəsində potensial boşanmada olan ailələrdən10-nundan 5-nin dağılmasının qarşısını ala bilirik. Həmçinin, bir çox hallarda erkən nikahların qarşısını alırıq. Bəzən ailəyə yaxın olanlardan çox, kənardakıların məsləhətləri, dəstək və müdaxiləsi ailələri boşanmadan çəkindirir.
Biz yeni layihəyə start vermişik. Bu, “Ailə akademiyası”dır. Məlum olur ki, yerli orqanlar, bələdiyyələr ailələrlə daha çox ünsiyyətdədir. Onlar ailə üzvlərini, ailədaxili münasibətlərini daha yaxşı bilirlər. Biz bələdiyyələrin də bu işdə iştirakını təmin edirik. Qanunvericilklə bələdiyyələr məhəllə komitələri yarada  bilərlər. Məhəllə komitələri çətin və münaqişə şəraitində yaşayan ailələrə yardımlar-hüquqi, psixoloji və mənəvi yardımlar göstərir. Eyni zamanda ailə büdcəsinin idarə olunması və tənzimlənməsi məsələləri, qayınana-gəlin, qayınata-kürəkən, baldız-gəlin, qayınana-kürəkən münasibətləri diqqətdə saxlanılır. Bundan başqa, problemli ailələr hüquq mühafizə orqanları tərəfindən qeydə alınır. Komitə tərəfindən həyata keçirilən tədbirlər də məhz həmin ailələrlə aparılır. Bunun nəticəsində də müəyyən qədər istəyimizə nail ola bilirik”. /

Google+ WhatsApp ok.ru