Ölkədən valyuta axını artıb, yoxsa azalıb?

Ölkədən valyuta axını artıb, yoxsa azalıb?

Ekspert: “Problem hələ tam həllini tapmayıb...”

Hazırda Azərbaycan iqtisadiyyatının əsas problemlərindən biri də xaricə valyuta axınının artmasıdır. Əgər əvvəllər bu idxal əməliyyatları ilə bağlı idisə, indi daha çox vətəndaşların , əsasən də sahibkarların öz vəsaitlərini ölkədən çıxarması ilə bağlıdır. 
 
İdxal-ixrac əməliyyatları ilə bağlı ölkənin tədiyyə balansında müsbətə doğru dəyişikliklər olsa da, ölkədən bu valyuta axınının qarşısını almağa kifayət etmir. Nəinki xırda və orta sahibkarlar, hətta məmur-oliqarxlar, onların övladları belə vəsaitlərini ölkədən çıxartmağa can atırlar. Təsadüfi deyil ki, Gürcüstan və Türkiyə iqtisadiyyatına investisiya qoyanlar arasında Azərbaycan da mühüm yer tutur. 
 
Bəs görəsən, hazırki durumda valyuta axını artıb, yoxsa azalıb? Hökumətin bu istiqamətdə atdığı addımlar nəticə veribmi?
“Yeni Müsavat”ın bu suallarını cavablandıan iqtisadçı ekspert Samir Əliyev bildirdi ki, neftin ucuzlaşmasına qədərki dövrlə müqayisədə, hazırda ölkədən çıxan valyutanın həcmində artım var: “Ancaq son 1 ildə bu müəyyən qədər səngiyib. Valyuta axını əsasən 2015-ci ildə gücləndi, 2016-cı ildə davam etməyə başladı. 2017-ci ildən müəyyən qədər sabitlik var. Əgər tədiyyə balansına baxsaq, burada da müsbət saldo yaranıb. Bunun səbəbi isə idxalın məhdudlaşdırılması, bir də ölkədən kapital axınının azalmasıdır. Kapital axınının olması ölkə iqtisadiyyatı üçün problemlər yaradır. Bu ilin birinci yarısında ölkədən 1,3 milyard dollar pul çıxıb. Bunun ən pis həddi isə 2015-i ildə baş verdi, bunun səbəbi isə manatın devalvasiyası idi. Qarşılıqlı olaraq manatın növbəti dəfə devalvasiyaya uğramasında da ölkədən kapital axınının güclənməsi mühüm rol oynadı. Kapital axınının qarşısını almaq üçün müxtəlif addımlar atıldı, valyutadəyişmə məntəqələri bağlandı. Lakin 2015-ci ildəki qədər olmasa da, kapital axını davam etməkdədir. 2015-ci ilin birinci yarısında isə ölkədən depozit və nağd şəkildə 4,6 milyard dollar pul çıxıb. 2016-cı ilin birinci yarısında isə 910 milyon dollara qədər azalıb. Bu ilin I yarısında, 1,3 milyard dollar olub. Deməli bu il bir qədər artıb. Son aylarda isə bir qədər səngiyib. Hələ ki, nəticə çıxartmaq üçün tezdir, çünki ilin ikinci yarısı hələ bitməyib”. 
 
İqtisadçı ekspert vurğuladı ki, kapital axını həm çirkli pullar şəklində ola bilər, həm də rəsmi şəkildə: “Rəsmi valyuta axını idxalın artması, müxtəlif şirkətlərin Azərbaycana dan çıxması və ya depozitlərin xarici banklara köçürülməsidir. Çirkli pul axını isə qeyri-rəsmi yollarla valyutanın ölkədən çıxarılmasıdır. Bu vəsaitlər milli valyutanı zərbə altına qoyur. Bizdə kapital axını müəyyən qədər azalsa da, problem tam həllini tapmayıb. Hökumətin problemi nə dərəcədə önlədiyini ilin sonunda biləcəyik”.
 
S.Əliyevə görə, xarici investisiyanın ölkəyə gəlməsi əvəzinə , ölkədən kapital axınının baş verməsi arzuolunan hal deyil: “Biz mətbuatdan da oxuyuruq ki, sahibkarlar obyektlərini bağlayıb gedirlər, eləcə də xarici şirkətlər ölkəni tərk edirlər. İstənilən şirkətin bağlanması öz-özlüyündə kapital axınını şərtləndirən amildir. Bəzi şirkətlər var ki, onlar ölkədən kənara, Gürcüstana, Ukraynaya, hətta Rusiyaya köçürlər. Bu isə o deməkdir ki, öz vəsaitlərini ölkədən çıxarırlar. Bu arzuolunmaz haldır. Biz xarici ölkələrdən investisiya gözlədiyimiz halda, ölkəmizdən kapital axınının baş verməsi iqtisadiyyatı zəiflədən amildir”. /

Google+ WhatsApp ok.ru