Ölkədə uşaqlar arasında yeni virus yayılıb – Xəbərdarlıq

Ölkədə uşaqlar arasında yeni virus yayılıb – Xəbərdarlıq

-- Virus əsasən tənəffüs yolu və yaxın təmas vasitəsilə ötürülür

Ölkədə uşaqlar arasında suçiçəyi xəstəliyinə bənzəyən koksaki virusu yayılıb.
 
Maide.Az bildirir ki, bu barədə Axar.az-a açıqlama verən pediatr Altay Abdullaoğlu bildirib ki, koksaki virusu əsasən uşaqlarda olsa da, böyüklərdə də rast gəlinən virus mənşəli infeksiyadır.
 
Həkim xəstəliyin ilkin olaraq qrip kimi başladığını deyib:
 
“Əvvəlcə qızdırma, burun axıntısı, boğazda ağrı, halsızlıq yaranır və növbəti mərhələdə bədənin müxtəlif yerlərində səpgilər əmələ gəlir. Səpgilər əsasən ağızda, əldə, ayaqda və bədənin digər yerlərində yaranır. Səpgilərinə görə suçiçəyinə bənzəyən bu virus əslində suçiçəyi deyil. Valideynlər adətən bunu suçiçəyi ilə səhv salırlar. Bir qədər diqqətli olmaq lazımdır”.
 
Pediatr virusun keçici olduğunu, əsasən tənəffüs yolu və yaxın təmas vasitəsilə ötürüldüyünü bildirib:
 
“Valideynlər körpələrdə yaranan səpgilərə görə narahat olduqları üçün çox sayda dərman vasitələrindən istifadə edirlər. Amma hər zaman qeyd etdiyimiz kimi virus infeksiyalarının köklü müalicəsi yoxdur. Virus infeksiyası diaqnozu qoyulan xəstəlik üçün heç bir antibiotik istifadə edilməməlidir. Bu xəstəlik adətən öz-özünə, heç bir müdaxilə olmadan 7-10 gün ərzində keçir. Lakin hər bir xəstəlikdə olduğu kimi bu virusda da ağırlaşmalar ola bilər. Hətta belə bir halda da qətiyyən antibiotik istifadə edilməməlidir”.
 
Həkimin sözlərinə görə, koksaki virusu üçün yalnız simptomatik müalicə aparıla bilər:
 
“Yəni temperaturu yüksəkdirsə, bunu aradan qaldırmaq üçün dərman verilməlidir. Halsızdırsa, dincəlməlidir. Ən mühüm məsələ olaraq çoxlu maye qəbul edilməlidir”.
 

Google+ WhatsApp ok.ru