Ölkədə quraqlıq və içməli su qıtlığı gözlənilir

Ölkədə quraqlıq və içməli su qıtlığı gözlənilir

-- Qışda qarın düşməməsi kənd təsərrüfatı əkinləri ilə yanaşı, əhalinin içməli su təchizatı üçün də yaxşı heç nə vəd etmir

Ötən ilin ortalarından başlayaraq Azərbaycanda hava şəraiti quraq keçir. Nəinki düzən və mərkəzi ərazilərdə, hətta dağlıq ərazilərdə belə qış fəslinə uyğun olmayan mülayim hava müşahidə olunur. Qış aylarında qarın düşməməsi isə kənd təsərrüfatı əkinləri ilə yanaşı, əhalinin içməli su təchizatı üçün də yaxşı heç nə vəd etmir. Belə ki, rayon və kəndlərdə həmişə qış aylarında bol sulu olan kiçik çayların çoxu indidən quruyub. Yerlərdə əhali arasında quraqlığın yaradacağı problemlərlə bağlı təşviş hiss olunmaqdadır.
 
Onu da qeyd edək ki, Azərbaycan su ehtiyatlarının məhdudluğuna və şirin su ehtiyatlarının həcminə görə Cənubi Qafqazın ən “kasıb” ölkəsi sayılır. Respublika ərazisindəki irili-xırdalı 8359 çaydan yalnız 171-nin uzunluğu 25 kilometrdən artıqdır. 7861 çayın uzunluğu 10 kilometrdən də azdır.
 
Azərbaycanda çayların yerüstü axını hidroloji ildən və mövsümlərdən asılı olaraq kəskin dəyişir. Bu dəyişkənlikdən asılılığı azaltmaq məqsədilə bir sıra çayların üzərində su anbarları yaradılıb. Belə anbarların sayı 140-a qədərdir. Onların ümumi sahəsi 87 min hektar, suyunun həcmi isə 22 kubkilometrə yaxındır.
 
Bundan əlavə, Azərbaycan ərazisində ümumi sahəsi 394 kvadratkilometr olan 450-yə yaxın göl mövcuddur  ki, bunlardan da 200-ə yaxını yay aylarında quruyur.
 
Azərbaycan ərazisində içməyə yararlı sular məhdud ehtiyatlara malik olmaqla qeyri-bərabər paylanıb. “Azərsu” ASC-nin məlumatına görə, hazırda ölkənin yerüstü su ehtiyatları 27 kubkilometr təşkil edir, quraq illərdə isə bu ehtiyat 20-21 kubkilometrə qədər azalır.
 
Azərbaycanda çayların qidalanmasında və illik su ehtiyatlarının tənzimlənməsində mühüm rol oynayan buzlaqlar  əsasən Böyük Qafqaz dağlarında formalaşıb. Rəsmi məlumatlara görə, son 70 ildə dağ zirvələrindəki buzlaqların sahəsi xeyli azalıb. Bu isə çaylarda sululuğun azalmasına gətirib çıxarıb.
 
Azərbaycan Milli Elmlər Akademiyası Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun sözlərinə görə, ölkə ərazisindəki quraqlıq qlobal iqlim dəyişikliyinin nəticəsidir: “Hələ on illər əvvəldən dünya alimləri proqnozlar vermişdilər ki, qlobal iqlim dəyişikliyi ciddi nəticələrə səbəb olacaq: yağıntıların miqdarı çox olan yerlərdə daha da artacaq, quraqlıq olan ərazilərdə yağıntılar daha da azalacaq. Azərbaycanın 60 faizdən çoxu quraqlıq ərazilər hesab olunur. Buna görə də biz qlobal iqlim dəyişikliyinin nəticələrini hiss etməyə başlamışıq. Çayların çoxunda may ayından başlayaraq su azalır”.
 
İnstitut direktoru deyir ki, iqlim dəyişikliyinin yaratdığı fəsadlara qarşı önləyici tədbirlər görülməlidir: “Bu tədbirlər çayların üzərində su anbarlarının yaradılması, yeraltı su ehtiyatlarının bol olduğu ərazilərdə artezian quyularının qazılmasıdır. Azərbaycanda hər iki istiqamətdə böyük işlər görülür. Bir su anbarının yaradılması, bilirsiniz, nə qədər böyük işdir?”
 
R.Məmmədov hesab edir ki, dövlətin həyata keçirdiyi tədbirlərlə yanaşı, insanların sudan istifadəyə yanaşması dəyişməlidir: “Bilirsiniz, bizim insanlarda sovet psixologiyası qalır hələ: heç nədən qənaətlə istifadə etmirik, o cümlədən də sudan. O qədər boş-boşuna su axıdırıq ki... Amma Avropada, Amerikada, əksər ölkələrdə suya çox qənaətlə yanaşırlar. Çünki dəyərini bilirlər. Suyun satışı, idarə olunması, istifadəsi çox bacarıqla tənzimlənir. Dünyanın heç yerində ləklə suvarma qalmayıb, bizdən başqa. Ləklə suvarma həm israfçılığa gətirir, həm də torpağın şoranlaşmasına səbəb olur. Müasir suvarma üsullarına keçməyin vaxtı çatıb çoxdan”.
 
Onu da qeyd edək ki, Azərbaycanda hər il kəndlərin təmiz içməli su ilə təchizatına on milyonlarla manat vəsait ayrılır. Məsələn, ötən il ölkə prezidentinin sərəncamları ilə 28 rayonun 171 kəndində içməli su təchizatı sisteminin qurulması üçün “Azərsu” ASC-yə 14 milyon manat, 15 rayonun 103 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğuların quraşdırılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) 16 milyon manat vəsait ayrılb.
 
“Azərsu” ASC-nin mətbuat xidmətindən aldığımız məlumata görə, prezident sərəncamının icrası istiqamətində işlərin 99 faizi həyata keçirilib: “535 km müxtəlif diametrli su xətti çəkmishik, 1432 bulaq quraşdırılıb”.
 
ETSN-dən bildirildiyinə görə, əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması tədbirləri çərçivəsində fəaliyyət davam etdirilir: “2017-ci ildə 77363 nəfər əhalini içməli su ilə təmin etmək məqsədilə 103 yaşayış məntəqəsində modul tipli su təmizləyici qurğuların quraşdırılmasına başlanılaraq 39 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular istismara verilib. 26 yaşayış məntəqəsində tikinti işləri yekunlaşaraq istismara verilməsi üçün son tamamlama işləri aparılır, 38 yaşayış məntəqəsində isə tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir. Bununla da regionlarda modul tipli sutəmizləyici qurğuların quraşdırılması hesabına 484 yaşayış məntəqəsində keyfiyyətli içməli su ilə təmin edilmiş əhalinin sayı 700 mini keçmiş olur”. (musavat.com)
 

Google+ WhatsApp ok.ru