Ölkə təhsilinin `kəmiyyət-keyfiyyət` tərəzisi

Ölkə təhsilinin `kəmiyyət-keyfiyyət` tərəzisi

"Modern.az" da "Azərbaycan təhsilində kəmiyyət artır, keyfiyyət azalır" sərlövhəli məqalə maraq doğurur.
 
Müəllif ölkədə təhsilin səviyyəsini təhsil ekspertlərilə müzakirə müstəvisinə gətirir.
 
Məqalə müəllifi deyir ki, bu il ölkənin ali təhsil müəssisələrinə qəbulla bağlı 44772 abituriyent iştirak edib, onlardan 39906 nəfəri tələbə adını qazanıb, hər 9 nəfərdən 8-i tələbə olub, amma bunu mənfi göstərici kimi qiymətləndirənlər də var.
 
Eksperti Nadir İsrafilov sayta açıqlamasında deyib ki, ali məktəblərə tələbə qəbulu mexanizmi, gələcək perspektivlər baxımından o qədər də uğurlu görülməyib, istər-istəməz bəzi düşüncələrə qapılmağa sövq edir: "Təhsilin əlçatan olması dövlətin təhsil sahəsindəki kursundan irəli gəlir, müvafiq balı toplaya bilməyənlərə ikinci şans verilir. Dolayısı yolla da olsa çoxlarına aydındır ki, ali məktəblərə mövcud qəbul mexanizmi keyfiyyətə deyil, kəmiyyətə hesablanıb. Keyfiyyətsiz kəmiyyət bizə lazım deyil, bu, necə deyərlər aysberqin görünməyən tərəfidir".
 
N.İsrafilov hesab edir ki, 40 min nəfərə yaxın tələbənin 30 min nəfərə yaxının ödənişli əsaslarla təhsil alması heç də "təhsilin hamı üçün əlçatan olması yox, "get pulunu ver, oxu" deməkdir.
 
Ekspert dövlət universitetlərində ixtisaslarn 80-ə qədərinin ödənişli olmasını da normal saymır, dünyanın bir çox dövlət universitetlərində ödənişin olmadığını, əksəriyyətində isə Azərbaycandakından qat-qat aşağı olduğunu iddia edir. N.İsrafilova görə, ölkədən xaricə "beyin axınının" əsas səbəbi də budur.
 
Ekspert hesab edir ki, klassik qiymətləndirmədə o-a bərabər olan 150 və hətta 100 bal toplayanları ali məktəb tələbəsi etmək 600 bal toplayanı bu sevinci yaşamaq hissindən məhrum etməkdir, bunun kökü işə qəbul olmaq üçün "ölüm-dirim" mücadiləsi aparan müəllimlərdədir.
 
N.İsrafilov hesab edir ki, daha bir problem repetitorluğu gücləndirməklə orta məktəb sistemini nüfuzdan salmaqdır, məktəbi gücləndirmk əvəzinə repetitorluğu gücləndirmək, məktəb təhsilinə etimadsızlıq doğru yol deyil.
 
Ekspert Kamran Əsədov isə deyir ki, onsuz da Azərbaycanda ali təhsilli şəxslərin sayı olduqca azdır: "Belə ki, ölkə vətəndaşlarının cəmi 17 faizi ali təhsillidir. Bu da hər 1000 nəfərdən 124 nəfərinin ali təhsil aldığı deməkdir. Amma, əlbəttə, bu sayı heç də keyfiyyətsiz kütlə ilə artırmaq lazım deyil".
 
Ekspert hesab edir ki, 150 balla, yəni, tələb olunan maksimum baldan - 700 baldan dəfələrlə aşağısını qəbul etməkdənsə, birbaşa buraxılış imtahanlarının nəticələri ilə ali məktəblərə qəbul aparmaq olar.
 
K.Əsədov deyir ki, onsuz da universitetlərdə yüksək səviyyədə təhsil verilmir, əmək bazarının tələbinə uyğun kadr hazırlığı həyata keçrilmir, odur ki, bilik və bacarıqları aşağı olanları universitetə qəbul etmək ancaq kəmiyyət artımına gətirib çıxaracaq".(contact.az)
 

Google+ WhatsApp ok.ru