''Ölkədə insanlar zövqlərinə görə yox, büdcələrinə görə əylənirlər''

''Ölkədə insanlar zövqlərinə görə yox, büdcələrinə görə əylənirlər''

Azərbaycanda orta statistik ailənin gəliri 500-600 manat arasında dəyişir. Bu, gündən-günə artan qiymətlər fonunda o qədər də böyük rəqəm deyil. Bununla belə, ticarət mərkəzlərinin uşaqlar üçün nəzərdə tutulmuş mərtəbələrində həftə içi və həftə sonu sıxlıq müşahidə olunur.
 
Bəs ölkədə valideynlər övladlarının əyləncəsi üçün nə qədər pul xərcləyir?
 
Təkcə attraksiona 20 manat xərcləyəndə şükür eləyirəm
 
Valideyn Tamilla Əliyeva belə deyir:
 
“Ayda 500 manat qazanıram, onun da elə 200 manatı oğlumun xərcliyinə çıxır. Hər həftə gəzdirməyə imkanım çatmasa da, çalışıram ki, heç olmasa 2 həftədən bir harasa aparım. Qiymətlər də od bahasınadır. Təkcə attraksiona 20 manat xərcləyəndə şükür eləyirəm”.
 
Özəl sektorda işlədiyim üçün bu pul mənə o qədər də çox görünmür
 
Valideyn Firudin İbadullayev isə qiymətlərdən narazı deyil:
 
“İki qız övladım var, hələ baxçaya gedirlər deyə xərclərimiz o qədər olmur. Hər həftə sonunu onlarla keçirməyə çalışıram. Əlbəttə, birlikdə keçirilən bir günün də qiyməti 60 manatdan az olmur. Özəl sektorda işlədiyim üçün bu pul mənə o qədər də çox görünmür”.
 
Əyləncə mərkəzinin kassiri Ramilə Ramazanova isə düşünür ki, burada qiymətlər hamıya uyğundur :
 
“Həftə içi günlərə nisbətən həftə sonu adam çox olur. Hər təbəqədən insan gəlir, amma hərə öz büdcəsinə görə xərcləyir. Valideyn var, uşaq başına 10 manat xərcləyir, valideyn də var ki, 100 manatlıq ödənişi birdən eləyir. Çalışırıq ki, bütün təbəqələrin cibinə uyğun qiymətlər təklif eləyək. Bəzən büdcəsi məhdud olan valideynlər övladlarının ağlaması bahasına 20 manatla kifayətlənməli olur”.
 
Mehriban Əliyeva adlı şəhər sakini isə 10 manatla da günü keçirməyin mümkün olduğunu düşünür:
 
“Oğlumun yaşı az olsa da, bizi başa düşür. Artıq neçənci dəfədir ki, hər həftəsonu üçün 10 manata yaxın xərcləyirik. Aylıq 50 manat təkcə əyləncəsi üçün xərclənir. Valideynsənsə, onun istədiklərini etməyə məcbursan. İstədiklərini eləməsə, gəzib-görməsə, gələcəkdə travma ala bilər. Ona görə də çalışırıq hər həftə harasa aparaq. Qiymətlər bir az bahadır, ancaq nə eləmək olar?! Attraksionlar digərlərinə baxanda nisbətən normal qiymətədədir”.
 
Azərbaycanda orta statistik ailələr əyləncə mərkəzlərinə getmir, gedə bilmir
 
İqtisadçı Natiq Cəfərlinin fikrincə, ölkədə ailələr əyləncə üçün iki fərqli yeri seçirlər, ya bahalı əyləncə mərkəzləri, ya da dənizkənarı park:
 
“Əslində Azərbaycan reallıqlarını nəzərə alanda orta statistik azərbaycanlı ailənin hər həftə övladı üçün 30-40 manat xərcləməsi şübhəli gəlir. Azərbaycan orta əmək haqqının təqribən 530-540 manat olduğunu, rəsmi qazanc imkanlarının o qədər yüksək olmadığını götürsək, iki nəfərlik bir ailədən həftəlik 50 manat, ayda isə 200 manat əyləncəyə pul xərcləmək o qədər də inandırıcı gəlmir. Çünki qiymətlər kifayət qədər bahadır, yeni dərs ilinin də başlaması onsuz da ailələrin əlavə xərclərini artırıb. Bütün bunları ödəmək üçün valideynlərə kifayət qədər yük düşüb. Təbii ki, həftəsonu əyləncəsi də vacib sosial məsələdir, ancaq böyük əksəriyyətin aylıq 150-200 manat əyləncə üçün xərclədiyini düşünmürəm. Ölkədə insanlar övladları ilə vaxtını daha çox dənizkənarı parkda, botanika bağında keçirməyə üstünlük verirlər. Bunun da səbəbi bəllidir, insanlar normal həyat standartlarını qarşılayacaq qədər gəlir əldə etmirlər. Ən yaxşı halda onlar dənizkənarı bulvarda gəzməklə və övladının bir-iki attraksiondan istifadəsini təmin etməklə günü yekunlaşdırırlar. Bu da 5-10 manata başa gəlir. Hər dəfə kinoya, əyləncə mərkəzinə getmək kifayət qədər böyük məbləğə başa gəlir. Hər ailənin də bunu ödəməyə imkanı yoxdur.
 
Qısası, ölkədə hər ailənin həftəlik 20-25 manat əyləncəyə xərcləməsini mümkün hesab etmirəm. Azərbaycanda orta statistik ailələr əyləncə mərkəzlərinə getmir, gedə bilmir. Qiymətlər ürəkaçan olmasa da, əyləncə üçün alternativ yerlə də var. Məsələn, botanika bağında qiymətlər nisbətən cibə uyğundur: Böyüklər üçün 1 manat, məktəblilər üçün isə 50 qəpik. Ölkədə insanlar zövqlərinə görə yox, büdcəsinə görə əylənirlər”. / meydantv /

Google+ WhatsApp ok.ru