Lobbisi inhisarçılar olan qərar

Lobbisi inhisarçılar olan qərar

-- ölkədə mobil avadanlıqların bahalaşdırılması...

"Novoye Vremya" qəzetində "İnhisarçıların sevinməsinə" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif ölkədə mobil avadanlıqların bahalaşdırılmasını müzakirəyə çıxarır.
 
Yazı müəllifi deyir ki, əhali ictimai nəqliyyatda və metroda gediş haqlarının 50% bahalaşdırılması ilə bağlı Tarif Şurasının bu il iyulun 30-da qəbul etdiyi qərarın şokundan çıxmamış mobil avadanlıqların qeydə alınması rüsumları şoku yaşamağa başlayıb.
 
Nazirlər Kabinetinin qərarına istinadən müəllif deyir ki, mobil avadanlıqların qeydiyyata alınması üçün vətəndaşlar 30 manatdan 150 manatadək rüsum ödəyəcəklər.
 
Müəllif bildirir ki, burada yalnız bazar qiyməti 100 dollara qədər olan, internetə çıxışı, foto və video funksiyaları olmayan mobil avadanlıqlar üçün rüsum 20 manatdır.
 
Məqalə müəllifi xatırladır ki, buna qədər isə bazar qiymətindən asılı olmadan Azərbaycanda mobil avadanlıqların qiyməti 5 manat idi.
 
Müəllif hesab edir ki, belə qiymət bahalaşdırılması əsassızdır: "Mobil avadanlıqların qeydiyyatı ilə bağlı bu radikal qərarı qəbul edən məmurlar sağlam düşüncədən başqa nəyə desən əsaslanıblar. Bu qərar ancaq inhisarçıların xeyrinədir. Yəqin ki, bu qərarın lobbiçiləri elə inhisarçılar özləri olublar. Ona görə də rüsum ödənişinin bahalaşdırılmasının mobil aparatları da bahalaşdıra biləcəyi istisna deyil. Bu qərar mobil telefonları bahalaşdırmaq üçün qəbul ediləcək qərardan öncəki addımdır".
 
Müəllif hesab edir ki, bu qərar biznesə əlverişli şərait yaratmaq, inhisarçılığa qarşı durmaq kimi əsasları baltalamaqdır.
 
Müəllif də hesab edir ki, qeydiyyata görə rüsum almaq olar. amma məbləğ 4 dəfədən 30 dəfəyə qədər qaldırıla bilməz və hökumətin bu qərarı düşünülməmiş qəbul edilib, məmurların merkantil maraqlarına xidmət göstərir.
 
Müəllif təəssüflə deyir ki, cəmiyyət yeni hökumətdən real islahatlar gözlədiyi halda o ilk adıdmlarını düşünülməmiş qərarlarla atır, istehlakçılar əziyyət çəkir, hüquqları qorunmur. (contact.az)
 

Google+ WhatsApp ok.ru