İlqar İbrahimoğlu: “Qüds günü – Şuşa günüdür, Ağdam günüdür”

İlqar İbrahimoğlu: “Qüds günü – Şuşa günüdür, Ağdam günüdür”

Sabah – Ramazan ayının son cümə günü bütün dünyada Beynəlxalq Qüds günü qeyd ediləcək. Uzun illərdir bu tədbir Azərbaycanda da qeyd edilir. Qüds gününün nə üçün bu qədər əhəmiyyət daşıdığını öyrənmək üçün FaktXəbər DEVAMM sədri, ilahiyyatçı filosof İlqar İbrahimoğlunun fikirlərini öyrənib:
 
“Bəli, Mübarək Ramazan ayının axırıncı cümə günü Beynəlxalq Qüds günü kimi qeyd edilir. Mübarək Ramazan ayı ilə Beynəlxalq Qüds günü arasında birbaşa əlaqə vardır. Çox ciddi vücudi əlaqələri vardır. Əlaqə bundan ibarətdir ki, mübarək Ramazan ayı mahiyyətcə bizlərdə təqvalılığı artırmaq üçündür. Qüds günü də məhz təqvalıların günüdür. Mübarək Ramazan ayının ana məqsədi, ana hədəfi - bizdən bəndə yetişdirməkdir. Qüds günü - bəndələrin günüdür. Qüds günü - Allah bəndəlik etmək istəyənlərin günüdür. 
 
Ən əsas məsələ budur ki, biz bu günü tarixi bir gün kim yox, coğrafi, geopolitik bir gün kimi yox, Qüds gününü elə sırf ibadi, İslami bir gün kimi dərk edək. 
 
Əslində Qüds günü - dünyada bütün İslam torpaqlarının işğalına "Yox!" demə günüdür. Bu anlamda Qüds günü həm də Qarabağ günüdür. Qüds günü – Şuşa günüdür, Ağdam günüdür. Bu gün təkcə Fələstin günü deyil, həm də Qarabağ, İraq, Əfqanıstan, Pakistan, Kəşmir, Myanma günüdür. Ümumən İslam torpaqlarının hər bir yerində ki, zülm edilir, hər yerində ki, müsəlmanların haqlarına təcavüz edilir, ümumən insanlıq adına təcavüz edilir, - Qüds günü həm də ora bağlıdır. 
 
Qüds günü – bütün zülmə məruz qalmış insanların günüdür. Allah dərgahında bir ay oruc tutmuş və mənəvi yüksəlişə çatmış insanın sözün həqiqi mənasında ilahi vətəndaşlıq günüdür Qüds günü! Qüds günü - böyük ariflərdən biri buyurmuşkən – İslam günüdür. İslam anlayışının içində nə varsa, Qüdsdə də var. Qüds günü bütləri sındıranların günüdür. İstər maddi, istər qeyri-maddi bütlərini sındıranların günüdür Qüds günü.
 
Qüds gününün məhz Fələstinlə bağlı seçilməsi də təsadüfi deyil. Qüds müsibəti, Nəqbə faciəsi - ümmətin düşdüyü acınacaqlı durumu və İslam düşmənlərinin ən konsentrasiyalı təcavüzünü hər şeydən yaxşı illüstrasiya edir. Məhz Fələstin mövzusunda geopolitik anlamda dost-düşmən çox dəqiq bilinir və ümmətin bütün zəif nöqtələri təzahür tapır. Buraya hər şeydən çox, daxili düşmən aiddir - sapı özümüzdən olan baltalar. İndilərdə bəlli olur ki, təkfirçi rejimlər sionistlərin Fələstinə, Livana, digər müsəlman ərazilərinə təcavüz kampaniyalarına nə böyüklükdə maliyyə vəsaitləri ayırıblar.
 
Qarabağ ağrısı olan bizlər üçün bu mövzular xüsusi aktuallıq kəsb edir. Allaha dua edirik ki, ümmətə ayıqlıq, bəsirət, dostu-düşməni tanıma, daxili islahat gücü, imamət nurunu dərk etmə tofiqatını nəsib etsin.”

Google+ WhatsApp ok.ru