İlqar İbrahimoğlu: `Səudiyyə rejiminin Yəməndə törətdiyi cinayətlər bir neçə amildən qaynaqlanır`

İlqar İbrahimoğlu: `Səudiyyə rejiminin Yəməndə törətdiyi cinayətlər bir neçə amildən qaynaqlanır`

İçərişəhər "Cümə" məscidinin dini icmasının imam camaatı, DEVAMM (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiəsi Mərkəzi)  sədri Hacı İlqar İbrahimoğlu Səudiyyə rejiminin Yəməndə törətdiyi son qətliamla bağlı bəyənat yayıb. Bəyanatda deyilir:
 
"Səudiyyə rejiminin Yəməndə törətdiyi cinayətlər bir neçə amildən qaynaqlanır. İlk olaraq, bu, Səudiyyənin jandarm funksiyalarından irəli gəlir. Belə ki, Qərb dövlətlərinin geo-strateji sxemlərinə uyğun olaraq, Səudiyyə rejimi İsrail rejimi ilə sinxron olaraq, Yaxın Şərq bölgəsində kolonial siyasətin davam etməsi ilə bağlı onun üçün müəyyən edilən funksiyaları yerinə yetirir.
 
İkinci tərəfdən, Səudiyyə rejimi regionda öz maraqlarından çıxış edərək, nüfuz dairəsini genişləndirmək istəyir. Öncə bunu populist proqramlarla, "xeyriyyəçi" imicini dəstəkləməklə etməyə çalışırdılarsa, indi artıq maskalarını kənara atıb, yırtıcı mahiyyətlərini ortaya qoyublar.
 
Üçüncüsü, Səudiyyənin daxilində problemlər və qarşıdurmalar şiddətlənir və rejim, "düşmənə qarşı birləşmək" konstruksiyası əsasında problemlərin həllini təxirə salmaq istəyir.
 
Dördüncüsü, hakim klanın daxilində hərc-mərclik olmazın həddə çatıb və bu cür əzələ nümayişi ilə klandaxili hədə impulsları verilir.
Sözsüz ki, bu sırada təkfirçi-vəhhabi dözümsüzlüyü və müsəlmanların canına və qanına qənim kəsilməsi də xüsusi yer tutur.
 
Bu cinayətlərin qarşısının alınması üçün həm müsəlman dövlətlərinin, həm də ümumilikdə dünya ölkələrinin üzərinə böyük məsuliyyət düşür. Ən ümdəsi, problemin mahiyyəti bilinməli və yayılmalıdır. Təcavüzkar qüvvələrə qarşı tətbiq edilən model, Səudiyyə rejimini durdurmaq üçün işlənməlidir.
 
Bunlarla yanaşı, ölən və yaralananlara görə kompensasiya, dağıntıların bərpası və bu kimi ödənişlərin də Səudiyyə rejimindən alınması, beynəlxalq birliyin həll etməli olduğu məsələlərdəndir.
 
Təbii ki, bütün bunlar ikili standartlardan tam imtinaya nail olunduğu təqdirdə realdır".(deyerler.org)
 

Google+ WhatsApp ok.ru