İlqar Məmmədovla Tofiq Yaqublunun işi Şəkiyə qaytarıldı

Bu gün Ali Məhkəmədə REAL hərəkatının həbsdə olan sədri İlqar Məmmədov və Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublunun işi üzrə kasasiya şikayətinə baxılıb.
 
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, hakim İmran Hacıqayıblının sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri Fuad Ağayev və Nemət Kərimli çıxış edərək cinayət işinə xitam verilməsini və Şəki Ağır Cinayətlər və Şəki Apelyasiya məhkəmələrinin qərarlarının ləvğ edilməsini istəyiblər.
 
“Şəki Apelyasiya Məhkəməsinin çıxardığı qərar bugünkü prosesdə ləğv edilib. İşə yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib”- deyə vəkil Nemət Kərimli bildirib. 
 
Qeyd edək ki, T.Yaqublu və İ. Məmmədovun kasasiya şikayəti üzrə məhkəmə prosesi yanvarın 13-də başlayıb. Lakin həmin vaxt hakimlər işlə tanış olmaq üçün prosesi təxirə salıblar. 
 
Kasasiya şikayətində adıçəkilən şəxslər barədəki hökmün ləğv edilməsi, həmin şəxslərin azadlığa buraxılması barədə məsələlər qeyd olunub. 
 
Xatırladaq ki, T.Yaqublu və İ.Məmmədov İsmayıllı hadisələri ilə bağlı həbs olunublar.
 
17 mart, 2013-cü ildə Şəki Ağır Cinayətlər Məhkəməsi 23-24 yanvar, 2013-cü il İsmayıllı iğtişaşları ilə əlaqədar 18 təqsirləndirilən şəxs barədə hökm verib. REAL hərəkatının lideri İlqar Məmmədov 7 il, Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Daha 8 nəfər 8 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bir o qədər müttəhim şərti cəza alıb.
 
2014-cü il, mayın 22-də Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun həbsi ilə bağlı şikayət üzrə qərarını elan edib. Avropa Məhkəməsi İlqar Məmmədovun işində Avropa İnsan Haqları Konvensiyansıın 5.1 və 5.4 (azadlıq hüququ), 6.2 (təqsirsizlik prezumpsiyasi) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozulmasını tanıyıb. Hökumət İlqar Məmmədova eyni zamanda 22 000 avro kompensasiya ödəməlidir. /
 

Google+ WhatsApp ok.ru