İlqar Məmmədov və Tofiq Yaqublunun cinayət işi üzrə daha bir zərərçəkmiş şəxs müəyyən edilib

Şəki Apellyasiya Məhkəməsində  “REAL” hərəkatının həbsdə olan həmsədri İlqar Məmmədov və Müsavat Partiyası başqanının həbsdə olan müavini Tofiq Yaqublunun apellyasiya şikayətləri üzrə bu günə təyin olunan ilkin məhkəmə baxışı iclası təxirə salınıb.
 
Tofiq Yaqublunun vəkili Nemət Kərimlinin APA-ya verdiyi məlumata görə, prosesdə Penitensiar Xidmətin məhkəməyə göndərdiyi məktub oxunub. Məktubda qeyd olunub ki, işlərin çoxluğundan məhkumları məhkəməyə gətirmək mümkün olmayıb.
 
Bundan əlavə, hakim bildirib ki, cinayət işi üzrə daha bir zərərçəkmiş şəxs müəyyən edilib. Baxış Kəsər adlı Türkiyə vətəndaşı ölkəsindən məhkəməyə teleqram vuraraq prosesə gələ bilmədiyini bildirib.
 
Baxış Kəsərin İsmayıllı hadisələri zamanı paltosunun yandığı açıqlanıb. Onun indiyə kimi şikayət etmək imkanı olmadığından bir qədər öncə məhkəmə müraciət edib. B. Kəsərin məhkəməyə göndərdiyi teleqramda mənəvi sarsıntı keçirdiyi bildirilib.
  
Məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb.
 
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Məmmədov 7 il, Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə təmin edilməyib. Bundan sonra onlar Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət ediblər. Kassasiya şikayətində onların barəsində olan hökmün ləğv edilməsi, həmin şəxslərin azadlığa buraxılması barədə məsələlər qeyd olunub.
 
Ali Məhkəmə kassasiya şikayətini qismən təmin edib. Şəki Apellyasiya Məhkəməsinin İ. Məmmədov və T. Yaqublu barəsindəki qərarı ləğv edilib, iş yenidən Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb.
 
İ. Məmmədov və Tofiq Yaqublu İsmayıllı hadisələrinə görə, həbs olunublar. 

Google+ WhatsApp ok.ru