Lukaşenka bu gün Putinlə görüşəcək

Lukaşenka bu gün Putinlə görüşəcək

Lukaşenka “böyük qardaş” adlandırdığı Putinlə Rusiyanın Qara dəniz sahilindəki Soçi kurortunda görüşməlidir

 
Belarus Prezidenti Alyaksandr Lukaşenka bu gün – sentyabrın 14-də rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. İki lider Belarusda Lukaşenkanın istefası tələbilə keçirilən nümayişlərdən sonra ilk dəfə bir araya gələcək.
 
Lukaşenka “böyük qardaş” adlandırdığı Putinlə Rusiyanın Qara dəniz sahilindəki Soçi kurortunda görüşməlidir.
 
O, 1994-cü ildə Belarusda hakimiyyətə gələndən bəri onun idarəçiliyinə ilk dəfədir kütləvi nümayişlər keçirilir. Etirazçılar 9 avqust seçkisinin nəticələrinin ləğvini, yeni seçki keçirilməsini tələb edirlər. Etirazlarda minlərlə saxlanan olub, yüzlərlə nümayişçi polis təzyiqi ilə üzləşib. Birləşmiş Ştatlar, Avropa Birliyi etirazçılara divan tutulmasını pisləyib.
 
Sentyabrın 13-də minlərlə belaruslu küçələrə çıxaraq, “Sən siçovulsan”, “Saşa, qovuldun!” şüarlarını səsləndiriblər. Daxili İşlər Nazirliyi 400-dən çox etirazçının saxlandığını bildirir.
 
Svetlana Tixanovskayanın başçılıq etdiyi müxalifəti Lukaşenkanı seçkini saxtalaşdırmaqda ittiham edir. Onun səslərin 80 faizini yığdığı açıqlanıb.
 
Tərəflər nəyi müzakirə edəcəklər
 
Kremlin sözçüsü Dmitri Peskov sentyabrın 11-də deyib ki, danışıqlarda enerji sahəsində əməkdaşlıq və ikitərəfli əlaqələr müzakirə olunacaq.
 
Lukaşenka həmçinin Moskvadan iqtisadi və hərbi dəstək istəyə bilər. Rusiya və Belarus sentyabrın 14-də başlanması gözlənən Slavyan Qardaşlığı birgə hərbi təlimlərində iştirak planlaşdırırlar.
 
İndiyədək Putinlə Lukaşenka Belarusdakı vəziyyəti dəfələrlə telefonla müzakirə edirlər. Ötən ay Rusiya prezidenti həm Belarus hakimiyyətinə, həm də müxalifətinə zəng edərək böhranın siyasi həllini müzakirə edib.
 
O, iki ölkə arasındakı ikitərəfli hərbi pakta uyğun olaraq hərbi yardım vəd edib, deyib ki, Rusiya təhlükəsizlik qüvvələrindən ibarət kontingent hazırlanıb, ancaq “Belarusda ekstremist elementlər xətti keçərək talançılığa yol verməyincə” istifadə olunmayacaq.
 
Putin Belarus hakimiyyətinin etirazlara reaksiyasını alqışlayıb. O deyib ki, Rusiya həmin ölkədə “baş verənlərə laqeyd deyil”, iki ölkənin etnik, linqvistik əlaqələrini, iqtisadi əməkdaşlığını vurğulayıb.
 
Putin əvvəllər Lukaşenkanı daha sıx siyasi və iqtisadi inteqrasiyaya cəlb etməyə çalışsa da, Lukaşenka müqavimət göstərib. İndi isə sonuncunun Moskvanın dəstəyinə ehtiyacı onun Rusiyanın təşəbbüslərinə yenidən baxmağa vadar edə bilər.  /azadliq.org /

Google+ WhatsApp ok.ru