MÖMİNLƏ KAFİRİN MƏNTİQİ

MÖMİNLƏ KAFİRİN MƏNTİQİ

Qurani-Kərimin “Kəhf” surəsinin 32-43-cü ayələrində buyurulur:

وَاضْرِبْ لَهُمْ مَثَلًا رَجُلَینِ جَعَلْنَا لِأَحَدِهِمَا جَنَّتَینِ مِنْ أَعْنَابٍ وَحَفَفْنَاهُمَا بِنَخْلٍ وَجَعَلْنَا بَینَهُمَا زَرْعًا

“Onların birinə (kafir olana) iki üzüm bağı əta etdiyimiz, hər ikisinin (bağların) ətrafını bütünlüklə xurma ağacı ilə əhatə etdiyimiz və aralarını əkin yeri etdiyimiz iki kişini (mömin və kafiri) məsəl çək!”

كِلْتَا الْجَنَّتَینِ آتَتْ أُكُلَهَا وَلَمْ تَظْلِمْ مِنْهُ شَیئًا وَفَجَّرْنَا خِلَالَهُمَا نَهَرًا

“Hər iki bağ öz meyvələrini verir, ondan bir şey əskiltmirdilər və o ikisinin (bağların) arasından çay axıtmışdıq.”

وَكَانَ لَهُ ثَمَرٌ فَقَالَ لِصَاحِبِهِ وَهُوَ یحَاوِرُهُ أَنَا أَكْثَرُ مِنْكَ مَالًا وَأَعَزُّ نَفَرًا

“O kişinin (bunlardan əlavə də) müxtəlif malları var idi. Beləliklə, (təkəbbürlə haqdan qafil olan) söhbət edərək (yoxsul) yoldaşına belə dedi: Mənim malım səninkindən daha çox və adamlarım səninkilərdən daha güclüdür.”

وَدَخَلَ جَنَّتَهُ وَهُوَ ظَالِمٌ لِنَفْسِهِ قَالَ مَا أَظُنُّ أَنْ تَبِیدَ هَذِهِ أَبَدًا

“(Pis əqidə və əməli ilə) özünə zülm etdiyi halda (yoldaşı ilə birgə) bağına daxil olaraq dedi: Bu bağın nə zamansa məhv olacağını da güman etmirəm.”

وَمَا أَظُنُّ السَّاعَةَ قَائِمَةً وَلَئِنْ رُدِدْتُ إِلَى رَبِّی لَأَجِدَنَّ خَیرًا مِنْهَا مُنْقَلَبًا

“Həmçinin qiyamətin qopmasını (da) güman etmirəm. Əgər Rəbbimin hüzuruna qaytarılsam da, şübhəsiz, (o aləmdə) bundan daha yaxşı dönüş yeri tapacağam.”

قَالَ لَهُ صَاحِبُهُ وَهُوَ یحَاوِرُهُ أَكَفَرْتَ بِالَّذِی خَلَقَكَ مِنْ تُرَابٍ ثُمَّ مِنْ نُطْفَةٍ ثُمَّ سَوَّاكَ رَجُلًا

“Onunla söhbət etməkdə olan (mömin) yoldaşı ona dedi: “Səni torpaqdan, sonra isə nütfədən yaradan, daha sonra kamil insan surətinə salana küfr edirsən?”

لَكِنَّا هُوَ اللَّهُ رَبِّی وَلَا أُشْرِكُ بِرَبِّی أَحَدًا

“Lakin mənim Rəbbim Allahdır və mən heç kimi Rəbbimə şərik qoşmaram.”

وَلَوْلَا إِذْ دَخَلْتَ جَنَّتَكَ قُلْتَ مَا شَاءَ اللَّهُ لَا قُوَّةَ إِلَّا بِاللَّهِ إِنْ تَرَنِ أَنَا أَقَلَّ مِنْكَ مَالًا وَوَلَدًا

“Nə üçün öz bağına daxil olanda “Allah hər nə istəsə (o olacaqdır); güc və qüvvət yalnız Allahın vasitəsilədir” – demədin?! Əgər məni mal və övlad baxımından özündən aşağı görürsənsə (bu elə də mühüm bir iş deyildir).”

فَعَسَى رَبِّی أَنْ یؤْتِینِ خَیرًا مِنْ جَنَّتِكَ وَیرْسِلَ عَلَیهَا حُسْبَانًا مِنَ السَّمَاءِ فَتُصْبِحَ صَعِیدًا زَلَقًا

“Ola bilər Rəbbim (dünyada, ya axirətdə) mənə sənin bağından daha yaxşısını əta etsin və göydən sənin bağına (məhv edən) dolular göndərsin və nəticədə, otsuz və hamar bir torpağa çevrilsin.”

أَوْ یصْبِحَ مَاؤُهَا غَوْرًا فَلَنْ تَسْتَطِیعَ لَهُ طَلَبًا

“Yaxud onun suyu (tamamilə) çəkilsin, beləliklə də, onu əsla axtarıb tapa bilməyəsən.”

وَأُحِیطَ بِثَمَرِهِ فَأَصْبَحَ یقَلِّبُ كَفَّیهِ عَلَى مَا أَنْفَقَ فِیهَا وَهِی خَاوِیةٌ عَلَى عُرُوشِهَا وَیقُولُ یا لَیتَنِی لَمْ أُشْرِكْ بِرَبِّی أَحَدًا

“(Nəhayət, o, qəzəbə düçar oldu) və meyvələri məhv oldu. Beləliklə, bağının viran olduğunu görüb ovuclarını ovuşdurur, ona xərclədiklərinin təəssüfünü çəkərək (elə hey) deyirdi: Kaş heç kəsi Rəbbimə şərik qoşmayaydım!”

وَلَمْ تَكُنْ لَهُ فِئَةٌ ینْصُرُونَهُ مِنْ دُونِ اللَّهِ وَمَا كَانَ مُنْتَصِرًا

“Ona nə Allahdan başqasının köməyi dəydi, nə də bir çıxış yolu tapa bildi.”

AYƏLƏRİN TƏFSİRİ

İlk ayədə möminlə kafirin təfəkkür tərzi müqayisə edilir. Mömin kainatın Rəbbinə və məada inanır, kafir isə onları inkar edir; mömin ilahi lütf və mərhəmətə arxalanır, kafir isə dünyaya arxalanaraq onu əbədi təsəvvür edir. Qurani-Kərim mal-dövlətə söykənənlərin məntiqini rədd edərək onun əbədi olmadığını və tezliklə fənaya uğrayacağını irəli sürür, Allaha və qiyamət gününə iman gətirənləri bu dünyada və axirət aləmində şərafətli həyatla müjdələyir.

Ayədə göstərilən məsəlin təfsilatı belədir: İki qardaşa atasından çoxlu mal-dövlət irs qalır. Mömin qardaş öz payına düşənin çox hissəsini Allah yolunda xərcləyir, kafir qardaş isə öz payına düşən sərvətlə arasında böyük əkin sahəsi olan və böyük çay axan iki bağ alır.

KAFİR QARDAŞIN TƏFƏKKÜR TƏRZİ

1. {أَنَا أَكْثَرُ مِنْكَ مَالًا وَأَعَزُّ نَفَرًا} – “Mənim malım səninkindən daha çox və adamlarım səninkilərdən daha güclüdür.”

2. {مَا أَظُنُّ أَنْ تَبِیدَ هَذِهِ أَبَدًا} – “Bu bağın nə zamansa məhv olacağını güman etmirəm.”

3. {وَمَا أَظُنُّ السَّاعَةَ قَائِمَةً}Qiyamətin qopmasını da güman etmirəm.”

4. {وَلَئِنْ رُدِدْتُ إِلَى رَبِّی لَأَجِدَنَّ خَیرًا مِنْهَا مُنْقَلَبًا}Birdən Rəbbimin hüzuruna dönsəm də, şübhəsiz, (o aləmdə) bundan da yaxşı yerim olacaq.”

MÖMİN QARDAŞIN TƏFƏKKÜR TƏRZİ

1. {أَكَفَرْتَ بِالَّذِی خَلَقَكَ مِنْ تُرَابٍ ثُمَّ مِنْ نُطْفَةٍ ثُمَّ سَوَّاكَ رَجُلًا} – Məadı danır və deyirsən ki, qiyamətin qopacağını güman etmirəm? Halbuki Allah səni torpaqdan, sonra isə nütfədən yaratmış, daha sonra kamil insan surətinə salmışdır!

2. {لَكِنَّا هُوَ اللَّهُ رَبِّی وَلَا أُشْرِكُ بِرَبِّی أَحَدًا} – Lakin mənim Rəbbim Allahdır və mən heç kimi Rəbbimə şərik qoşmuram.

3. {وَلَوْلَا إِذْ دَخَلْتَ جَنَّتَكَ قُلْتَ مَا شَاءَ اللَّهُ لَا قُوَّةَ إِلَّا بِاللَّهِ} – Nə üçün bağına daxil olanda: “Allah hər nə istəsə, o olacaqdır. Çünki Allahdan başqa güc və qüvvət yoxdur!” – demədin?

4. {إِنْ تَرَنِ أَنَا أَقَلَّ مِنْكَ مَالًا وَوَلَدًا فَعَسَى رَبِّی أَنْ یؤْتِینِ خَیرًا مِنْ جَنَّتِكَ وَیرْسِلَ عَلَیهَا حُسْبَانًا مِنَ السَّمَاءِ فَتُصْبِحَ صَعِیدًا زَلَقًا} – Əgər məni özündən daha az mal-dövlət və övlad sahibi görürsənsə, buna çox güvənmə! Ola bilər, Rəbbim mənə sənin bağından daha yaxşısını versin və sənin bağına isə göydən elə bir bəla endirsin ki, yararsız bir yerə dönsün! Yaxud da suyu tamamilə çəkilib getsin və bir daha onu əldə edə bilməyəsən!

MADDİ VƏ İLAHİ TƏFƏKKÜR

Burada iki qardaşın sözləri iki təfəkkür tərzini göstərir. Birincisi məad və axirət aləmini danaraq dünyanı həyatın sonu hesab edir, dünyada baş verən dəyişikləri görsə də, heç bir ibrət almır və bağının əbədi qalacağını düşünür, hətta özündənrazılığı elə bir həddə çatır ki, bir gün qiyamət qopsa da, o aləmdə bundan daha yaxşı mövqe qazanacağını güman edir.

Qurani-Kərim onu “zalimun li-nəfsihi” (özünə zülm edən şəxs) kimi tanıtdırır. Axı hər gün onun gözü önündə yeni həyatın saysız-hesabsız nümunələri vücuda gəlir, bağı və əkin sahəsi bir neçə müddət ölümsayağı yuxudan sonra hər il yenidən dirçəlir, ağaclar və sahələr yaşıllaşır, yarpaqlar və çiçəklərlə bəzənir! Bununla belə, o, bu məntiqlə razılaşmır və deyir: “Qiyamət gününün qopacağını güman etmirəm.” Bir sözlə, kafirin təfəkkür tərzini özündənrazılıq və xudbinlik, mal və sərvətə məhəbbət və axirətə qarşı puç xəyallar təşkil edir.

Möminin təfəkkür tərzi isə həqiqət və reallıqla formalaşır. O, ilk yaranış və məadı həyatın əvvəli və nəticəsi hesab edir, güc və qüvvəti yalnız Allaha məxsus bilir, mal-dövləti Onun bəndələri arasında bölgüsü sanır və cəmiyyətə xeyri dəyməyənləri isə Allahın əzabı ilə hədələyir.

YARADILIŞIN ƏMƏLLƏRƏ QARŞI RƏFTARI

İnsan, kainatın ona qarşı dinməz qaldığını təsəvvür etməməlidir. Xilqət aləmində hər nə baş verirsə, diqqətlə izlənilir və ona uyğun reaksiya göstərilir. Dünyada xeyirxah insanın üzünə rəhmət qapıları açılır, paxılın üzünə isə bağlanır, mal və məqamı zəhrimara çevrilir:

وَلَوْ أَنَّ أَهْلَ الْقُرَى آمَنُواْ وَاتَّقَواْ لَفَتَحْنَا عَلَيْهِم بَرَكَاتٍ مِّنَ السَّمَاء وَالأَرْضِ وَلَـكِن كَذَّبُواْ فَأَخَذْنَاهُم بِمَا كَانُواْ يَكْسِبُونَ

“Əgər şəhər və kəndlərin əhalisi iman gətirib təqvalı olsaydılar, şübhəsiz, göydən və yerdən onların üzünə bərəkət qapılarını açardıq. Lakin onlar (Bizim ayələrimizi) təkzib etdilər. Beləliklə, onları əldə etdiklərinin cəzası ilə yaxaladıq.” (“Əraf” surəsi, ayə 96.)

Həmin iki qardaşın həyatında baş verən bu ilahi qanunauyğunluq hər zaman hakimdir:

وَأُحِیطَ بِثَمَرِهِ فَأَصْبَحَ یقَلِّبُ كَفَّیهِ عَلَى مَا أَنْفَقَ فِیهَا وَهِی خَاوِیةٌ عَلَى عُرُوشِهَا وَیقُولُ یا لَیتَنِی لَمْ أُشْرِكْ بِرَبِّی أَحَدًا

“(Nəhayət, o, qəzəbə düçar oldu) və meyvələri məhv oldu. Beləliklə, bağının viran olduğunu görüb ovuclarını ovuşdurur, ona xərclədiklərinin təəssüfünü çəkərək (elə hey) deyirdi: Kaş heç kəsi Rəbbimə şərik qoşmayaydım!”

Kafirlər zahirdə bir olsalar da, bəla və müsibətə düçar olduqda, başqa sözlə, dar gündə, bir-birini tək qoyurlar.

وَلَمْ تَكُنْ لَهُ فِئَةٌ ینْصُرُونَهُ مِنْ دُونِ اللَّهِ وَمَا كَانَ مُنْتَصِرًا

“Ona nə Allahdan başqasının köməyi dəydi, nə də bir çıxış yolu tapa bildi.”

Bu ayələrdəki bir neçə ibrət dərsi və bildiriş diqqəti cəlb edir:

1. Mal-dövlətin çoxluğu tutumsuz insanlarda qürur və təkəbbür yaradır.

2. Yoxsulluq zillət, var-dövlət isə izzət nişanəsi deyil. Elə isə, özümüzü yoxsullardan üstün tutmayaq.

3. Təbiətin gözəl mənzərələri ilə rastlaşdıqda, Allahı yada salaq. Bütün nemətlər və insanın bütün olanları Allahdandır, həqiqi malik Allahdır.

4. Allahdan xəbərsizlik, özünü üstün tutmaq, başqalarının təhqiri, maddi bər-bəzəyə aldanış insanın özünə zülmüdür.

5. Nemətləri və bəhrələri heç vaxt əbədi saymayaq.

6. Dövlətlilər və qüdrətlilər qarşısında əskiklik hiss etmədən onları doğru yola çağırın.

7. İnsanın bəladan sonrakı peşmançılığının heç bir faydası yoxdur.

8. Təqvalı insanın həyatı bərəkətli olur.

9. Allahın cəzası qürrələnənlərin pusqusundadır.

10. Varlılar öz olanlarına görə qürrələnməsinlər. Onların sərvəti bir anda məhv ola bilər. (“Qurani-Kərimdə ibrətamiz məsəllər”, Ayətullah Cəfər Sübhani, 32-ci məsəl, səh.113-118.)

Rza Şükürlü (Maide.az)

 

Google+ WhatsApp ok.ru