Müəllimliyi seçmiş tələbələrə 100 manat xüsusi təqaüd veriləcək

Azərbaycanda müəllim peşəsinin nüfuzunun artırılması istiqamətində görüləcək işlər açıqlanıb.
 
Təhsil naziri Mikayıl Cabbarov “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində bildirib ki, nazirlik gənclərdə bu peşəyə maraq yaratmağa çalışır. Bu məqsədlə dövlət başçısının nəzarəti altında pedaqoji universitetin kampusunun layihəsi hazırlanır. Nazir vurğulayıb ki, orada gələcək müəllimlərin dünyagörüşünün formalaşdırılması və keyfiyyətli təhsil almaları üçün lazımi mühit yaradılacaq: “Müəllimlik ixtisasları üzrə qəbul imtahanlarında yüksək nəticə göstərən tələbələrin həvəsləndirmə proqramına başlamışıq. Yeni dərs ilindən qəbul imtahanlarında yüksək nəticə göstərmiş 300 tələbəyə, əlavə olaraq, 100 manat xüsusi təqaüd veriləcək. Bu, gənc müəllimlər üçün əlavə stimul olacaq. Müəllimlərin karyera inkişafı üçün də real addımlar atmışıq, yaxın vaxtlarda onu da elan edəcəyik”.
 
M.Cabbarov bildirib ki, yeni sistemə, kurikuluma keçid istədikləri səviyyədə olmayıb. Buna səbəb isə heç də tətbiq olunacaq system və prinsiplər deyil: “Söhbət yeni prinsiplərin dolğun olub-olmamasından getmir. Prinsiplərdə problem yoxdur. Müasir təhsil sistemi artıq “informasiyanı öyrəndin, soruşdular, qiymətləndirdilər” üsulundan çoxdan uzaqlaşıb. İnformasiya əldə etmək üçün “Google”, “Wikipedia” və s. var. Bu o deməkdir ki, uşaqların yaddaş bacarığı inkişaf etdirilməsin? Sözsüz, bu belə deyil. Proqramın dəyişilməsi üçün tədbirlər görülür. Yeni dərs ilində biz müəyyən məsələlərlə bağlı fikrimizi bildirəcək, yeniliklərin tətbiqinə başlayacağıq”.

Google+ WhatsApp ok.ru