Məktəblilər peyvənd edildi - qızılca təhlükəsinə qarşı

Azərbaycanda 10-15 yaşlı məktəblilər qızılca təhlükəsinə qarşı peyvənd edilib. Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev açıqlamasında deyib ki, peyvəndləmə 1 həftə ərzində davam edən immunlaşdırma həftəsi çərçivəsində həyata keçirilib.
 
N.Quliyev qeyd edib ki, qonşu ölkələrdə yayılan qızılca Azərbaycana da gəlib çıxır: "Onun qarşısını almaq və uşaqlar qızılcaya yoluxmasın deyə 10-15 yaşlı uşaqlar təkrar peyvənd edilib. 10 yaşından aşağı uşaqlar 1 və 6 yaşlarında qızılcaya qarşı peyvənd olunurlar. 5 ildən sonra isə peyvəndin effektivliyi qismən zəiflədiyinə görə 10-15 yaş arası uşaqlar təkrar peyvəndə cəlb olunur".
 
Baş pediatr əlavə edib ki, bu xəstəliyə Rusiya, Gürcüstan, Ukrayna, Bolqarıstan, Polşa və digər ölkələrində rast gəlinir. Onun fikrincə, həmin ölkələrdən gələn adamlar xəstədirsə, peyvənd olunmayan vətəndaşları da yoluxdura bilər: "Ona görə də Səhiyyə Nazirliyi qərarlaşdırdı ki, riskli uşaqlar peyvəndə cəlb olunsun". 

Google+ WhatsApp ok.ru