Mənzillərin ölçülərində sakinləri necə aldadırlar? - Hüquqşünas şərhi

Son illərdə Bakıda Mənzil Tikinti Kooperativləri (MTK) tərəfindən tikilən çoxmənzilli, hüdürmərtəbəli binalarda («novostroykalar») payçılara satılan mənzilin ümumi sahəsini hesablayan zaman aydın olur ki, müqavilələrdə göstərilən sahə kv.metr ölçüsü ilə əslində müqavilədə göstəriləndən azdır. Daha doğrusu, mənzilə görə verilən müqavilədə bir ölçü göstərilir, mənzil sahibi isə otaqların ölçüsünü toplayanda müqavilədə göstərilən sahə ilə uzlaşmadığı görünür.
 
Belə bir problemlə rastlaşan payçılar həmin MTK-ların səlahiyyətli şəxslərinə müraciət edəndə isə aydın olur ki, onlar satılan mənzillərin ümumi sahəsini məhz «bayırdan-bayıra», yəni, bayır və ara divarları nəzərə alınmaqla hesablayırlar. Bəlkə də bu, bəzilərinə adi gələ bilər, qəbul olunmuş qaydadır – deyər. Bəlkə də bəziləri heç mənzilin sahəsini ölçmürlər də. Onsuz da MTK-ların «bayırdan-bayıra» kv. metr ölçüsünü artıq yazdığına haqq qazandıranlar da var. Lakin yeni binalarda mənzili olanlar rəsmi dövlət qurumu olan Daşınmaz Əmlakın Reyestr Xidmətindən mülkiyyət hüquqna dair sənəd – çıxarış aldıqda, həmin sənədlərdə mənzilin real ölçüləri göstərilir. Məsələn, MTK ilə müqavilədə 100 kv.m göstərilən mənzilin sonradan rəsmi dövlət orqanlarında ümumi sahəsi 85-90 kv.m göstərilir. Ancaq mənzil sahibi MTK-ya 100 kv.metrin pulunu ödədiyindən sonrakı ölçmələrin bir faydası olmur.
 
Bəs, görəsən, qanunvericilik bu məsələni necə tənzimləyir? MTK-ların mənzillərin sahəsini bu cür hesablaması qanuna uyğundurmu? Sualı Analitik.az-a şərh edən «AZE Hüquq Şirkətinin» hüquqşünası Vüsal Kazımzadə, qanunvericilikdə mənzilin sahəsinin «bayırdan-bayıra» hesablanmasına dair göstərişin olmadığını bildirib: “ Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-c maddəsinin tələbinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Məcəllənin 59-3-cü maddəsinin tələbinə əsasən isə yaşayiş binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Bunula belə nəzərə alınmalıdır ki, mənzilin ümumi sahəsinin ölçülərinə təsir edən müəyyən azalma əmsalları nəzərdə tutulub ki, MTK-lar tərəfindən payçılara satılan mənzillərin ümumi sahəsi məhz həmin azalmalar nəzərə alınaraq hesablanmalı və mənzilin dəyəri həmin azalma əmsalları nəzərə alınaraq ödənilməlidir.
 
Belə ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar)- 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Bu, o deməkdir ki, məsələn 1 kv.metr balkon və terrasın sahəsi 0,3 kv.m kimi hesablanmalıdır. Müvafiq olaraq, mənzilin digər komponentlərində də göstərilən əmsallara uyğun hesablama aparılmalıdır.
 
Yuxarıda qeyd etdiyimiz qanunvericilik aktlarınını təhlilindən görünür ki, MTK-lar mənzilləri payçılara satarkən həmin mənzillərin ümumi sahəsinin dəyəri məhz bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan, həmçinin azaltma əmsalları nəzərə alınmaqla hesablamalıdır.”
 
Hüquqşünas onu da məsləhət görür ki, belə bir problemlə rastlaşan mənzil sahibləri, ilk öncə mənzilin çıtışmayan sahəsinin pulunun geri alınması və ya müqavilədə göstərilmiş kvadrata uygun mənzillə təmin edilməklə bağlı həmin MTK-ya müraciət etməlidirlər. Belə müraciətin nəticəsi olmadığı halda isə, bu məsələ ilə bağlı məhkəmədə iddia qaldırılması məqsədəuyğundur.

Google+ WhatsApp ok.ru