Məhkəmə qərarına etiraz edərək özünü yandırdı

Dünən Bakıda intihar hadisəsi baş verib. “Pepsi-Cola Azerbaycan” şirkətinin işçisi yaşadığı evin damında üstünə benzin tökərək özünü yandırıb.
 
Binəqədi Rayon Polis İdarəsindən virtualaz.org-a bildiriblər ki, hadisə dünən saat 13 radələrində M.Məmmədxan küçəsi 74 ünvanında qeydə alınıb.
 
1988-ci il təvəllüdlü Ələkbər Zahid oğlu Məmmədov onun qanunsuz ev tikməsi ilə bağlı məhkəmə qərarına etirazını bu cür bildirib. Məlumata görə, onun ev tikdiyi ərazi başqasına məxsusdur.
 
Qeyd edək ki, Binəqədi Rayon İcra Hakimiyyətinin evi sökmək üçün ağır texnika ilə əraziyə gələn nümayəndələri də hadisə yerində olublar. Ə.Məmmədov müxtəlif yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
 
Rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi qaldırılıb.

Google+ WhatsApp ok.ru